“Həm yeni, həm də köhnə binalarda yanğın təhlükəsi var” – EKSPERT

"Həm yeni, həm də köhnə binalarda yanğın təhlükəsi var" – EKSPERT
Kateqoriya məlum deyil
T

Noyabrın 21-də Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın bir neçə nəfərin ölümü, çox sayda sakinin isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilməsi ilə nəticələnib. Hadisə paytaxtdakı çoxmənzilli binaların təhlükəsizlik vəziyyətini yenidən gündəmə gətirib.

 

Təhlükəsizlik eksperti Elmar Nurəliyev məsələ ilə bağlı Sfera.az-a geniş açıqlama verərək mövcud sistemdə ciddi boşluqların olduğunu bildirib.

 

Onun sözlərinə görə, təhlükələrin qarşısını almaq üçün binanın layihələndirilməsindən tutmuş istismarına qədər bütün mərhələlər qanunvericiliyin tələblərinə uyğunlaşdırılmalıdır:

 

“Ümumiyyətlə, bütün təyinatlı obyektlər fəaliyyətlərini qanunvericiliyə uyğun həyata keçirməlidir. Burada yarana biləcək bütün risklər – yanğın təhlükəsi, uçma və dağılma ehtimalı, kommunal sistemlərlə bağlı nasazlıqlar – əvvəlcədən nəzərə alınmalıdır. Layihədə nəzərdə tutulan qaz, işıq və su təsərrüfatı müvafiq standartlara uyğun qurulmalı və saz vəziyyətdə saxlanılmalıdır. Bu yanaşma baş verə biləcək qəza və hadisələrin qarşısını alır, dəymiş zərəri isə minimuma endirir”.

 

Mütəxəssis qeyd edib ki, təhlükəsizlik tədbirləri ayrı-ayrılıqda deyil, kompleks şəkildə həyata keçirilməlidir:

 

“Bu, yalnız bir sahəyə nəzarət deyil, ümumi tədbirlər planıdır. Qanunvericilikdə bu məsələlərlə bağlı kifayət qədər tələblər mövcuddur. Sadəcə, onların icrasına ciddi nəzarət vacibdir. Fövqəladə hadisələrdən tam sığortalanmaq mümkün deyil, amma tədbirlər düzgün görülərsə, risk minimuma enir”.

 

 

Elmar Nurəliyev vurğulayıb ki, təhlükə yalnız köhnə binalara aid deyil:

 

“Bəzi insanlar düşünür ki, risk yalnız köhnə tikililərdə mövcuddur. Amma bu, belə deyil. Təhlükə istər yeni, istər köhnə binalarda hər an yarana bilər. Sadəcə, köhnə binalarda elektrik və digər kommunikasiya xətləri köhnəldiyindən risk daha çox olur. Yeni binalarda isə bəzən istismar qaydalarına əməl edilməməsi ciddi fəsadlara səbəb olur. Binalarda yanğın şitləri, xəbərdaredici sistemlər, yanğın dolabları, hidrantlar, siqnalizasiya vasitələri və təxliyə yolları mütləq olmalıdır. Hər biri saz vəziyyətdə saxlanılmalıdır. Təəssüf ki, bəzi binalarda bu avadanlıqlar ya ümumiyyətlə quraşdırılmayıb, ya da formal xarakter daşıyır”.

 

Ekspert əlavə edib ki, bu kimi faciələrin əsas səbəblərindən biri elektrik təsərrüfatındakı nasazlıqlardır:

 

“Yanğınların böyük hissəsi elektrik qısqapanmaları ilə bağlıdır. Buna görə də elektrik təsərrüfatı mütləq saz vəziyyətdə olmalıdır. Sakinlər də evlərində elektriki normadan artıq yükləməməli, nasaz avadanlıqdan istifadə etməməlidir. Problem yalnız idarəedici şirkətlərdə deyil, sakinlərin də məsuliyyəti böyükdür. Hər kəs öz mənzilində təhlükəsizlik qaydalarına əməl etməli, nasaz avadanlığı vaxtında təmir etdirməli, elektrik xətlərini yükləməməli və qanunsuz müdaxilələrdən çəkinməlidir. Əks halda, belə hadisələrin təkrarlanması qaçılmazdır”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR