"Azərbaycanın UNESCO üzvlüyü mədəni irsimizi dünyaya daha effektiv çatdırmağa imkan yaradır” – POLİTOLOQ

Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK) 2025-2029-cu illər üzrə üzvü seçilib.
Azərbaycanın bu seçimi ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması və qorunmasına hansı yeni imkanlar yaradacağı, həmçinin ölkəmizin beynəlxalq nüfuzuna və diplomatiyasına hansı təsirləri olacağı suallarını gündəmə gətirib.
Sualımızı cavablandıran politoloq Tural İsmayılov Sfera.az-a bildirib ki, Azərbaycanın 2025-2029-cu illər üzrə UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilməsi strateji əhəmiyyətli diplomatik və mədəni hadisədir:
“Bu, ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması üçün önəmli bir platforma açır və Azərbaycanın zəngin tarixi-mədəni xəzinəsini dünya ictimaiyyətinə daha effektiv çatdırmağa imkan yaradır. Eyni zamanda, bu üzvlük Azərbaycanın UNESCO ilə birbaşa təsir mexanizmlərinə çıxışını təmin edir, qərarların formalaşmasında iştirak etməklə milli maraqların qorunmasını gücləndirir”.
Politoloqun fikrincə, diplomatik baxımdan, bu status Azərbaycanın beynəlxalq nüfuzunu artırır və mədəni diplomatiyanın strateji alət kimi istifadəsini mümkün edir:
“Komitədə iştirak ölkəmizə digər üzv dövlətlərlə əməkdaşlığı dərinləşdirmək, təcrübə mübadiləsi aparmaq və regiondakı mədəni irs layihələrini təşviq etmək imkanı verir. Bu, həmçinin Azərbaycanın multilateral platformalarda səsi və təsirini möhkəmləndirir”.
Müsahibimiz beynəlxalq təşkilatlarda mövqeyin gücləndirilməsi, gələcəkdə mədəni diplomatiya sahəsində liderlik potensialının artırılması və multikultural dəyərlərin qorunması baxımından bu məsələnin strateji əhəmiyyət daşıdığını qeyd edib:
“UNESCO-nun irs komitəsində iştirak ölkəmizin həm tarixini, həm də müasir mədəniyyətini dünyaya tanıtmaq üçün güclü vasitədir. Bu, həm də Azərbaycan üçün turizm, təhsil və elmi araşdırmalar sahələrində yeni əməkdaşlıq imkanlarını açır. UNESCO Ümumdünya İrs Komitəsinə üzvlük yalnız mədəni irsin qorunması deyil, həm də Azərbaycanın diplomatik nüfuzunun, beynəlxalq mövqeyinin və multilateral əlaqələrinin strateji şəkildə möhkəmlənməsinə xidmət edir. Bu addım, ölkəmizin regional və qlobal mədəni, siyasi və elmi sahələrdə liderlik perspektivlərini dəstəkləyir”.
Niyaz Hacıyev
Sfera.az






