ABŞ hökumətinin “şatdaun”u - “Green Card 2025” prosesini dondurdu

ABŞ hökumətində yaranan “şatdaun” vəziyyəti, yəni hökumətin maliyyələşdirilməsinin dayanması artıq bir aydan çoxdur davam edir. Bu vəziyyət ölkənin sosial, iqtisadi və siyasi həyatına ciddi təsir göstərməklə yanaşı, xarici vətəndaşların səbirsizliklə gözlədiyi “Green Card 2025” lotereyasını da qeyri-müəyyənliyə salıb. Adətən oktyabr ayında başlanan “Green Card” müraciətləri bu il hökumət böhranı səbəbindən təxirə salınıb. Dövlət Departamenti hələlik yeni müraciətlərin nə zaman başlayacağı ilə bağlı rəsmi tarix açıqlamayıb.
Məlumata görə, hökumətin fəaliyyətinin noyabrın 27-də bərpa ediləcəyi ehtimal olunur, lakin bu tarix də dəqiq deyil və şatdaunun daha uzun çəkmə riski qalır.
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, ABŞ hökumətinin “şatdaun” elan etməsi Konqresin yuxarı palatası Senatda demokratlar və respublikaçılar arasında 2026-cı ilin büdcə məsələləri ilə bağlı yaranan ciddi fikir ayrılığından qaynaqlanır:
“Oktyabrın 1-də ABŞ hökuməti rəsmən şatdaun elan etdi. Bu o deməkdir ki, hökumətin maliyyələşdirilməsi, eləcə də hökumət agentlikləri və departamentlərinin fəaliyyətinin maliyyələşdirilməsi qeyri-müəyyən müddətə dayandırılıb. Bu şatdaunun əsas səbəbi isə Konqresin yuxarı palatasında Senatda demokratlar və respublikaçılar arasında 2026-cı il büdcə məsələləri, o cümlədən tibbi sığorta və dövlət agentliklərinin maliyyələşdirilməsi ilə bağlı vahid mövqeyin olmamasıdır”.

Politoloq bildirib ki, bu, ABŞ tarixində artıq 11-ci şatdaundur və indiki vəziyyət uzunmüddətliliyi ilə əvvəlki rekord göstəriciyə Tramp dövründəki 35 günlük şatdauna yaxınlaşır:
“Hazırkı şatdaun artıq 35-ci günə qədəm qoyub. Bu, demək olar ki, əvvəlki rekord səviyyəyə çatır. İndiyədək Senata 14 dəfə yeni büdcə layihəsi ilə bağlı qətnamə təqdim olunub, lakin hər dəfə vahid mövqeyin razılaşdırılmaması səbəbindən qərar qəbul edilməyib və şatdaun davam edib. Bəzi rəqəmlərə görə, bu şatdaun ABŞ iqtisadiyyatına 7–14 milyard dollar arasında ziyan vurub. Bir çox dövlət xidmətləri, o cümlədən tibbi xidmətlər və nəqliyyat sektoru iflic vəziyyətinə düşüb. Hazırda hava nəqliyyatında ciddi axsamalar müşahidə olunur, bir çox təyyarə reysləri ya ləğv edilir, ya da gecikir. Bunun səbəbi odur ki, şatdaun dövründə dövlət agentliklərinin işçilərinə əməkhaqqı verilmir və onların bəziləri işə çıxmaqdan imtina edirlər”.
Politoloq əlavə edib ki, hökumətin fəaliyyətinin bərpası ilə bağlı bir neçə ssenari mümkündür:
“Birinci ssenari ondan ibarətdir ki, bu gün və ya yaxın günlərdə növbəti qətnamə layihəsi Senatda müzakirəyə çıxarılacaq və qəbul edilərsə, şatdaun bitəcək. İkinci ssenari ABŞ hökuməti müvəqqəti qərar qəbul edərək şatdaunu dayandırıb fəaliyyəti bərpa edə bilər. Üçüncü ssenari isə ən təhlükəlisidir: əgər razılıq əldə olunmasa, şatdaunun müddəti daha da uzanacaq. Bu, ABŞ iqtisadiyyatına, dövlət xidmətlərinə və ümumilikdə ölkənin daxili və xarici siyasətinə mənfi təsir göstərəcək”.
Politoloq Həşim Səhrablı da məsələyə münasibət bildirərək vurğulayıb ki, ABŞ-də “şatdaun”un əsas səbəblərindən biri hökumətlə Konqres arasında razılaşmanın əldə olunmaması, həmçinin ölkənin maliyyə vəziyyətinin pisləşməsidir:
“ABŞ-də şatdaun daha çox hakimiyyətlə Konqres arasında anlaşmanın əldə oluna bilməməsi, razılığa gələ bilməməsi fonunda yaranır. Lakin son zamanlarda Amerikanın xarici borcunun artması və dövlət siyasətinin bu istiqamətdə yetərsizliyi də bu vəziyyəti daha da gərginləşdirib. Bəzi məlumatlara görə, ABŞ hər 100 gündən bir 1 trilyon dollar borc artırır. Hazırkı dövlət borcu 36–37 trilyon dollar civarındadır ki, bu da kifayət qədər yüksək göstəricidir”.
Politoloq qeyd edib ki, ABŞ iqtisadiyyatı əvvəlki kimi dayanıqlı gəlirlər əldə etmir, bu da büdcə böhranını dərinləşdirir:
“Hazırda Amerikanın xarici ticarətdə gəlirləri əvvəlki dövrlərlə müqayisədə azalıb. Rəqəm olaraq bəlkə daha çox qazanırlar, amma keyfiyyət baxımından o vəsaitlərin tələbatı ödəməsi mümkün olmur. Bundan başqa, Trampın hakimiyyəti dövründə atdığı addımlar və həyata keçirdiyi xarici siyasət xətti ABŞ-nin ənənəvi siyasətindən kənara çıxıb. Nəticədə həm siyasi, həm iqtisadi mənada ciddi disbalans yaranıb”.

Həşim Səhrablı bildirib ki, hazırkı vəziyyətdən çıxış yalnız hökumətlə Konqres arasında qarşılıqlı razılaşma və iqtisadi problemlərin qısa zamanda, effektiv addımlarla həlli sayəsində mümkündür:
“Şatdaunun aradan qaldırılması üçün gərək ayrı-ayrı struktur bölmələrdə hakimiyyətlə Konqres arasında ziddiyyətlər aradan qaldırılsın. Bundan başqa, iqtisadi problemlərin həlli istiqamətində qısa, amma effektiv nəticə verə biləcək addımlar atılmalıdır. Yalnız bu halda hökumətin fəaliyyəti bərpa oluna bilər. Şatdaunun bu qədər uzun sürməsi də məhz bu problemlərin hələlik həllinin tapılmaması ilə bağlıdır. Hazırkı vəziyyət nəticəsində ABŞ-də təkcə dövlət agentliklərinin işi deyil, həm də beynəlxalq proqramlar, o cümlədən “Green Card 2025” müraciət prosesi dayanıb”.
Ekspertlərin fikrincə, əgər yaxın günlərdə Konqres və Ağ Ev arasında razılıq əldə olunmasa, “şatdaun” daha da uzanacaq və bu, ABŞ tarixində ən uzunmüddətli hökumət böhranı kimi yadda qalacaq.
Bəsti Rəfizadə
Sfera.az






