Ermənistanla vasitəçi olmadan danışıq aparmaq mümkündürmü? - RƏYLƏR
12:26 / 27.01.2021
1285
"Əvvəl-axır buna getməliyik, amma Ermənistan buna
hazır deyil. Çünki Ermənistanda indi də revanş haqda düşünürlər, hələ də
intiqam almaqla bağlı bəyanatlar səsləndirirlər”.
Bunu Sfera.az-a açıqlamasında nizamlama prosesinin üçüncü
tərəfin iştirakı olmadan, Bakı ilə İrəvan arasında birbaşa və ikitərəfli
formatda müzakirəsinə keçirilməsi haqda təklifləri dəyərləndirərkən Milli Məclisin
deputatı Asim Mollazadə deyib:
"Ermənistan mövcud vəziyyətlə razılaşmalıdır ki, ölkələr
arasında inam artsın, ikitərəfli münasibətlər formalaşsın. İndilikdə isə ermənilər
ərazimizə diversant göndərir, qanunsuz səfərlər edirlər. Düzdür, kənar qüvvənin
iştirakı olmadan ikitərəfli müzakirələrə başlamaq düzgün yoldur. Amma indiki şəraitdə
İrəvan buna hazır deyil”.
"Bu ən optimal variant olardı, təəssüf ki, mümkün
deyil”.
Bu fikirlər isə "Atlas” Araşdırmalar Fondunun rəhbəri
Elxan Şahinoğluna məxsusdur: "Ermənilər revanşist əhval-ruhiyyədə yaşamaqda
davam edirlər. Qələbəmizi həzm edə bilmirlər. Ermənilərlə münasibətdə bir əsrlik
təcrübəyə maliyik. Onlar fürsət düşən kimi, hər zaman arxadan zərbə vurmağa öyrənib”.
Politoloq vasitəçisiz danışıqların başlaması üçün qarşı tərəfdən gözləntiləri belə dəyərləndirib: "Bunun üçün ermənilər
ölkəmizə qarşı ərazi iddialarından əl çəkməlidirlər. Amma bunun əksini görməkdəyik.
Düşmən tərəf təxribatlarını davam etdirir. Ona görə də hələlik onlarla
danışıqlarda vasitəçiyə möhtacıq. Türkiyə də bu vasitəçilik prosesində iştirak
etməlidir”.
Sfera.az