“Əlində bel və süpürgə olan işçiləri küçələrə tökməklə...” – Hanı texnikalar, hanı önləyici tədbirlər?

“Əlində bel və süpürgə olan işçiləri küçələrə tökməklə...” – Hanı texnikalar, hanı önləyici tədbirlər?
"Nə yaxşı ki, Bakıda qarlı havalar çox olmur. Yoxsa ,Bakı qısa müddətdə bərbad vəziyyətə düşər. Necə ki bu gün şəhər bir neçə saat ərzində qara təslim oldu. Bəziləri deyir ki, Bakıya qar yaraşmır. Bakıya qar yaraşır, paytaxtımıza yaraşmayan səriştəsiz məmurlardır”.

Bu sözləri Sfera.az-a açıqlamasında yol nəqliyyatı eksperti Elməddinn Muradlı deyib. O bildirib ki, bir neçə gün əvvəl müxtəlif texnikalar nümayiş etdirirlər, bəyanatlar verirlər, amma nəticəyə gələndə sözlə əməl üst-üstə düşmür:
 
"Dünən gecədən şaxta və qar artıq nə qədər insana maddi-mənəvi zərər vurub. Xəsarət alanlar, ölənlər, neçə min manatlıq ziyana düşən insanlar var. Avtomobillər yollarda sürüşüb, kütləvi qəzalar baş verib. Bütün bunlar onu göstərir ki, müvafiq qurumlar qışa hazır deyil. Nəticədə isə insanlar əziyyət çəkir. Bu sahədə çox ciddi işlər görülməlidir. Dövlət tərəfindən qurumların fəaliyyətinə , maddi-texniki bazasının genişlənməsinə hər il nə qədər vəsait ayrılsa da, yenə də işlər köhnə qaydada davam edir. Təxminən 5 ildir, Bakıya bu formada qar yağmırdı. Bu illər ərzində inkişaf etmək əvəzinə, gerilələmə müşahidə edilir”.

Ekspert təəssüflə qeyd edib ki, qurumlar açıqlamalarında əsas küçə və yolların təmizləndiyini bildirirlər:
 
"Lakin əsas küçə və yollarda işlərə dünən gecədən deyil, səhərdən başlayıblar. Digər tərəfdən əsas yolları başa düşdük, bəs başqa yollar? Həmin yollarda hərəkət edənlər insan deyil? Bu nə yanaşmadır, bu nə biabırçılıqdır. Niyə əvvəldən hazırlıq görülmür? Əslində Ekologiya və Təbii Sərvətlər nazirliyi əvvəlcədən xəbərdarlıq etmişdi ki, hava dəyişəcək, şaxta olacaq. Bunu nəzərə almayıblar, hazırlıq işləri görülməyib. Düşünürəm ki, qurumlarla bağlı ciddi ölçü götürülməlidir və şəhər təsərrüfatına cavabdeh qurumlar suallara aydınlıq gətirməlidir. Şablon cümlələrlə deyil, konkret faktlarla.
 
Niyə hər dəfə qar-yağış yağanda, şaxta olanda biz bu vəziyyətə düşürük? Yol təsərrüfatındakı çatışmazlıqlar, texnikaların kifayət qədər olmaması ucbatından hələ də kommunal təsərrüfat birliyinin əməkdaşlarının şaxtalı havalarda küçələrə tökülüb əllərində bellə, süpürgə ilə yol təmizləməsinin şahidi oluruq. Bütün bunlar geridəqalmışlıqdır ki, bunu artıq dünyanın inkişaf etmiş ölkələri çoxdan keçiblər. Bir balaca qar düşən kimi bütün texnikalar küçədə olmalı, işləməlidir. Bunun öhdəsindən gələ bilmirlərsə, açıq desinlər, bunu hansısa özəl quruma həvalə edək. Belə formal yanaşmalara son qoymaq lazımdır”.

Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR