Tramp qubernatorun qərarına etiraz etdi: 563 məhbusun cəzası dəyişdirildi
ABŞ Prezidenti Donald Tramp Kaliforniya qubernatoru Qevin Nyusomun ölüm hökmlərini şərti olaraq vaxtından əvvəl azad edilmə hüququ olmadan ömürlük həbslə əvəz etmək qərarını tənqid edərək, bunu Amerika ədliyyə sistemi üçün fəlakət adlandırıb.
Sfera.az xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, Nyusomun qərarı Kaliforniyada ölüm cəzasına məhkum edilmiş 563 məhbusa təsir edib.
"Bu, Amerikada ədliyyə üçün fəlakətdir", - ABŞ Prezidenti bildirib.
O vurğulayıb ki, bu məhbusların bir çoxu dəfələrlə qətl törədib və indi "öz bəxtlərinə inana bilmirlər".
"Ümid edirəm ki, bu qərar ləğv ediləcək", - Tramp əlavə edib.
Ötən həftə Nyusom ştatdakı bütün ölüm hökmlərinin şərti olaraq vaxtından əvvəl azad edilmə hüququ olmadan ömürlük həbslə əvəz edilməsi barədə qərar verib.
Qubernatorun sözlərinə görə, "dövlət tərəfindən sanksiyalaşdırılmış qətl Kaliforniyanın dəyərləri ilə bir araya sığmır".
Nyusom ardıcıl olaraq ölüm cəzasına qarşı çıxış edir. Daha əvvəl o, yanvar ayında 2028-ci il prezident seçkilərində mümkün iştirakı ilə bağlı qərar vermək niyyətində olduğunu bildirib.






