Türkiyə və Azərbaycan müdafiə sənayesi üzrə birgə doktorantura proqramları yaradacaq
Türkiyə və Azərbaycan müdafiə sənayesi texnologiyaları sahəsində ixtisaslı kadrların hazırlanması məqsədilə əməkdaşlığı doktorantura proqramları ilə genişləndirəcək.
Sfera.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri professor Erol Özvar bildirib.
O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Antalyaya səfəri zamanı iki ölkə arasında ali təhsil və elmi tədqiqat sahəsində əməkdaşlığın perspektivlərindən danışıb.
Erol Özvar Türkiyə ilə Azərbaycan arasında tələbə və müəllim mübadiləsindən birgə elmi araşdırmalara, gənc alimlərin hazırlanmasından Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə qədər geniş əməkdaşlıq modelinin formalaşdığını bildirib.
O, bu tərəfdaşlığın dünyaya nümunə ola biləcəyini vurğulayıb.
O əlavə edib ki, Türkiyə və Azərbaycan arasında akademik əməkdaşlıq gələcəkdə strateji sahələrdə daha da dərinləşdiriləcək.
Şura sədri Bakıdakı Türkiyə-Azərbaycan Universitetinin iki ölkənin ali təhsil sahəsində tərəfdaşlığının konkret nümunəsi olduğunu da vurğulayıb. Onun sözlərinə görə, universitetdə üç Türkiyə ali təhsil müəssisəsinin proqramları əsasında azərbaycanlı gənclər təhsil alırlar.






