Tramp İrana yeni zərbələr endirilə biləcəyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə Tehrana qarşı yeni addımlar atıla biləcəyini bəyan edib.
Sfera.az xəbər verir ki, Tramp bu barədə Ayova ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“İranla məsələni hələ də yekunlaşdırmamağımızın yeganə səbəbi mənim humanist davranmaq istəməyimdir. Mümkün qədər insanların həyatını xilas etməyə çalışıram. Amma müəyyən məqamda onlara ağır zərbə endirməli olacağıq”, – ABŞ lideri bildirib.
Tramp mitinqdən əvvəl jurnalistlərə açıqlamasında da İranla bağlı məsələnin yaxın vaxtlarda həll olunacağını vurğulayıb.
“Biz bu məsələni çox tezliklə bu və ya digər şəkildə başa çatdıracağıq. Ya razılaşma əldə edəcəklər, ya da biz buna son qoyacağıq”, – prezident deyib.
O, Vaşinqtonun problemi “asan yolla” həll edə biləcəyini bildirsə də, konkret hansı addımların nəzərdə tutulduğunu açıqlamayıb.
Xatırladaq ki, Tramp oktyabrın 8-də ABŞ-nin noyabrın 3-də keçiriləcək Konqres seçkilərinədək İrana zərbə endirmək niyyətində olmadığını bəyan etmişdi.
ABŞ Prezidenti daha əvvəl Tehranla danışıqların yaxşı getdiyini bildirsə də, İran tərəfinin etibarlılığına şübhə ilə yanaşdığını gizlətməyib.
“Axios” nəşrinin məlumatına görə, Tramp Konqres seçkilərindən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etməyi planlaşdırmır və hələlik diplomatik danışıqlara üstünlük verir./teleqraf






