Logo

Yeni təhlükəsizlik platforması yaradılır - ABŞ Yaxın Şərqdə güvənini itirir

Yeni təhlükəsizlik platforması yaradılır - ABŞ Yaxın Şərqdə güvənini itirir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Körfəz regionunda artan təhlükəsizlik təhdidləri ərəb ölkələrini müdafiə strategiyalarına yenidən baxmağa vadar edib. Məkkə sazişindən sonra Qətərin Körfəz ölkələri arasında yeni əməkdaşlıq platforması yaratmaq təşəbbüsü regionda təhlükəsizlik qayğılarının artdığını göstərir. Ərəb ölkələrinin davranışından aydın sezilir ki, bu ölkələr artıq ABŞ-nin onları qoruya biləcəyinə inanmır.

Siyasi şərhçi Müşfiq Abdulla Sfera.az-a açıqlamasında bildirib ki, Qətərin yeni təhlükəsizlik platforması yaratmaq təşəbbüsünü hələlik real hərbi alyansın formalaşması kimi deyil, təklif kimi qiymətləndirmək lazımdır.

Onun sözlərinə görə, regionda belə bir təşəbbüsün gündəmə gələcəyi ABŞ ilə İran arasında müharibənin başladığı ilk dövrlərdən proqnozlaşdırılırdı:

“Çünki İranın ərəb ölkələrinin ərazilərinə, ticarət mərkəzlərinə və ABŞ-nin regiondakı hərbi bazalarına raket və dron zərbələri endirməsi təhlükəsizlik məsələlərini yenidən aktuallaşdırıb. Ərəb ölkələrində uzun illər təhlükəsizliyin əsas təminatçısının ABŞ olduğu barədə fikir formalaşıb. Bu dövlətlər müdafiə məqsədilə əsasən ABŞ və NATO ölkələrinin istehsalı olan silah və sursatlar alıblar. Lakin baş verən hadisələr Vaşinqtonun regiondakı müttəfiqlərini qorumaq imkanları və bu istiqamətdəki öhdəlikləri ilə bağlı suallar yaradıb”.

Ekspertin fikrincə, ərəb ölkələrinin vahid hərbi blokda birləşməsi onların həm İrandan qaynaqlanan təhlükəsizlik təhdidlərinə qarşı müdafiəsini gücləndirə, həm də regional mövqelərini möhkəmləndirə bilər.

Yeni təhlükəsizlik platforması yaradılır - ABŞ Yaxın Şərqdə güvənini itirir

O düşünür ki, bununla belə, ərəb dövlətləri ilə İran arasında mövcud olan ideoloji, siyasi və hərbi ziddiyyətlər, eləcə də xarici güclərin regiondakı maraqları belə bir birliyin yaradılmasını çətinləşdirən amillərdir:

“Məsələnin digər tərəfi Körfəz ölkələrinin müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və təhlükəsizlik təminatlarını şaxələndirmək istəyidir. Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında müdafiə əlaqələrinin inkişafı da bu kontekstdə diqqət çəkir. Belə əməkdaşlıq ölkələrə kəşfiyyat məlumatlarının mübadiləsi, müdafiə sənayesi və hərbi hazırlıq sahələrində imkanlarını artırmağa şərait yarada bilər. Bununla yanaşı, ayrı-ayrı dövlətlər arasında imzalanan sazişlərin vahid regional müdafiə sisteminin yaradılması ilə eyni olmadığını nəzərə almaq lazımdır.

Digər mühüm məqam isə ABŞ-nin regiondakı hərbi və siyasi mövqeyidir. Körfəz ölkələrinin Vaşinqtonla uzun illər ərzində formalaşmış müdafiə əlaqələri, silah təminatı və hərbi infrastrukturu onların qısa müddətdə tamamilə fərqli təhlükəsizlik sisteminə keçməsini çətinləşdirir. Buna görə də yeni tərəfdaşların axtarılması ABŞ-dən imtina etməkdən daha çox, mümkün böhranlar zamanı alternativ imkanlara malik olmaq cəhdi kimi qiymətləndirilə bilər”.

Ekspert qeyd edib ki, yeni təhlükəsizlik platformasının nə dərəcədə effektiv olacağı isə ölkələrin real təhdidlər qarşısında birgə hərəkət etmək imkanlarından asılıdır:

“Hava hücumundan müdafiə sistemlərinin uzlaşdırılması, kəşfiyyat məlumatlarının operativ paylaşılması, birgə hərbi planlaşdırma və hücumlara cavab mexanizmləri bu baxımdan əsas məsələlərdir. Konkret öhdəliklər və koordinasiya mexanizmləri olmadan siyasi təşəbbüslərin real hərbi ittifaqa çevrilməsi çətin ola bilər.

Qətərin təşəbbüsü Körfəz ölkələrinin regional təhlükəsizlikdə daha fəal rol oynamaq və müdafiə imkanlarını gücləndirmək istəyinin göstəricisi kimi qiymətləndirilə bilər. Lakin yeni platformanın real hərbi ittifaqa çevrilib-çevrilməyəcəyi, region ölkələrinin böhran zamanı vahid mövqe sərgiləyib-sərgiləməyəcəyi və bu prosesin ABŞ-nin Yaxın Şərqdəki təhlükəsizlik roluna necə təsir edəcəyi hələlik açıq qalır”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR