Logo

Üç lider eyni masa arxasında: Dünya təsir dairələrinə bölünəcək?

Üç lider eyni masa arxasında: Dünya təsir dairələrinə bölünəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə mümkün üçtərəfli görüşü beynəlxalq münasibətlərdə yeni müzakirələrə səbəb olub. Dünyanın aparıcı gücləri arasında artan rəqabət fonunda belə bir görüşün keçirilməsi tərəflərin siyasi və iqtisadi maraqlarının uzlaşdırılması baxımından əhəmiyyət daşıya biləcəyi güman olunur.

Bəs belə bir görüş dünyanın təsir dairələrinə bölünməsi ilə nəticələnə bilərmi və tərəflər hansı məsələlərdə ortaq mövqe tapa bilərlər?

Politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlamasında bildirib ki, bu görüş dünyanın təsir dairələrinə bölünməsi ilə bağlı müzakirələri də aktuallaşdırır, lakin tərəflərin maraqları üst-üstə düşmədiyindən, mümkün razılaşmaların qlobal güc balansını hansı istiqamətdə dəyişəcəyini əvvəlcədən demək çətindir.

Onun sözlərinə görə, bunlarla yanaşı, müzakirələrin əsas mövzularından birinin Ukrayna müharibəsi də ola bilər:

“Ukrayna müharibəsi məsələsi üçtərəfli görüşün əsas müzakirə mövzularından biri ola bilər. Çünki müharibənin davam etməsi həm ABŞ-Rusiya münasibətlərinə, həm də Avropanın təhlükəsizlik vəziyyətinə təsir göstərir. Vaşinqton münaqişənin həlli istiqamətində Moskva ilə razılığa gəlməyə çalışdığı halda, Rusiyanın tələbləri və Ukraynanın mövqeyi danışıqların nəticəsini müəyyən edən əsas amillərdəndir. Bu baxımdan, görüş tərəflərin Ukrayna məsələsində mövqelərini yaxınlaşdırmaq imkanlarını üzə çıxara bilər.

ABŞ tərəfi nüvə silahlarının məhdudlaşdırılması məsələsini də gündəmə gətirmək və bu prosesə Çini cəlb etmək istəyir. Lakin Çin nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı müzakirələrdə iştirak etməkdə maraqlı olmaya bilər. Çünki ölkənin nüvə arsenalı ABŞ və Rusiyanın arsenalları ilə müqayisədə xeyli kiçikdir”.

Üç lider eyni masa arxasında: Dünya təsir dairələrinə bölünəcək?

A.Səmədov hesab edir ki, üç liderin mümkün görüşündə dünyanın yenidən təsir dairələrinə bölünməsi məsələsinin müzakirə olunması ehtimalı azdır. Onun fikrincə, bu qədər mürəkkəb məsələnin həlli üçün qısa görüş kifayət etməz, uzunmüddətli danışıqlar, ilkin hazırlıqlar və xüsusi işçi qruplarının fəaliyyəti tələb olunur:

“ABŞ özünün Qərb yarımkürəsindəki təsirini prioritet hesab etsə də, Rusiya və Çinin təsir dairələrinin necə müəyyənləşdiriləcəyi, eləcə də Avropanın bu prosesdə hansı rolu oynayacağı açıq qalır. Bu məsələlər üzrə ortaq mövqeyə gəlmək ciddi çətinliklər yarada bilər”.

Politoloq güman edir ki, mümkün üçtərəfli görüş əsasən Ukrayna məsələsi ilə məhdudlaşacaq. Onun qənaətinə görə, Çin nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı müzakirələrə qoşulmaya, bu mövzu isə görüş daxil edilməyə də bilər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR