ABŞ 300 mindən çox vizanı ləğv etdi
ABŞ Prezidenti Donald Tramp vəzifəyə gəldiyi gündən bəri 300 mindən çox vizanı ləğv edib.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin konsulluq məsələləri üzrə nazir müavini Mora Namdar sosial şəbəkə hesabında məlumat verib.
O, Ağ Evin rəsmi sosial media hesabında yayımlanan paylaşımı da bölüşüb. Paylaşımda qeyd olunub ki, Tramp administrasiyası əvvəlki administrasiyalarla müqayisədə daha qısa müddətdə və daha çox viza ləğv edib.
Bildirilib ki, viza sahibi olan əcnəbilərin qanunları pozmasına və ya milli təhlükəsizliyə təhdid yaratmasına qarşı sıfır dözümlülük siyasəti tətbiq olunur.
Mora Namdar 300 mindən çox vizanın ləğv edildiyini və bu sayın artmaqda davam etdiyini vurğulayıb. O, viza sahiblərinin ABŞ qanunlarına hörmətlə yanaşmalı olduğunu, əks halda ölkəyə səfər etmək imtiyazını itirəcəklərini bildirib.
Bəsti Rəfizadə
Sfera.az






