Avropada etirazlar şiddətə çevrildi: İtaliyada da xaos yaşanır

Avropada etirazlar şiddətə çevrildi: İtaliyada da xaos yaşanır
Kateqoriya məlum deyil
T

Fransada başlayan etirazlar zamanı baş verən zorakılıq halları Avropanın digər ölkələrinə də yayılıb. İtaliyanın Milan şəhərində ardıcıl ikinci gecə iğtişaşlar yaşanıb, ölkənin Baş naziri Corcia Meloni təcili təhlükəsizlik toplantısının keçirilməsi barədə qərar verib.


Sfera.az xəbər verir ki, Fransada yarım milyona yaxın insanın iştirak etdiyi etirazlardan sonra ölkə Prezidenti Emmanuel Makron nümayişçiləri kəskin tənqid edib və birlik çağırışı edib.
Makron bildirib ki, ölkəni nəzarətsiz zorakılığa sürükləyənlər ifrat solçu qrupların təxribatçıları və onlara qoşulan cinayətkarlardır. O, həftəsonu keçirilən nümayişlər zamanı təxminən 2400 nəfərin saxlanıldığını, 1000 polis və jandarmın yaralandığını qeyd edib.


Fransa Prezidenti vurğulayıb ki, iğtişaşlar zamanı mağazaları qarət edənlər vurduqları zərərə görə məsuliyyət daşıyacaqlar.


“Bu görüntülərə baxanda hamımız özümüzə sual verdik: fransızlar bunu Fransaya necə edə bilərlər? Heç nə buna haqq qazandıra, izah edə və ya bəraət qazandıra bilməz. Qarət edənlər vurduqları zərərin əvəzini ödəyəcək, respublikanı dağıtmağa çalışanlar isə cavab verəcəklər”, – Makron bildirib.


İğtişaşlar İtaliyada da ciddi narahatlığa səbəb olub. Milanda şənbə günü yaşayış xərclərinin artmasına qarşı keçirilən razılaşdırılmış etiraz aksiyasının kənarında başlayan hadisələr bazar günü də davam edib. Bolonya və Turin kimi şimal şəhərlərində də oxşar insidentlər qeydə alınıb.


Polis Milanda meydanlarda toplaşan qrupları dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib. Hadisə yerindən yayılan görüntülərdə üzlərinin bir hissəsini maskalarla örtən gənclərin polis avtomobillərinə müxtəlif əşyalar atdığı görünür.


Duomo meydanından çıxan alış-veriş küçəsindəki supermarketlərdən biri qarət edilib. Zibil qutuları aşırılıb, skuterlərə və velosipedlərə zərər vurulub.


Milanın meri Cüzeppe Sala baş verənlərdən narahatlığını ifadə edib.


“Dağıdılmış vitrinlər, qarət edilmiş mağazalar və qorxu içində olan vətəndaşlar gördüm. Burada baş verənlər dünyanın bir çox şəhərində müşahidə etdiyimiz hadisələrə bənzəyir. Bu, yeni bir fenomendir və beynəlxalq vəziyyətdən qaynaqlanaraq daha da güclənir”, - deyə o bildirib.


“Daily Mail” nəşrinin məlumatına görə, İtaliyanın Baş naziri Corcia Meloni iğtişaş iştirakçılarını şəhərlərdə xaos yaratmaqda, təhlükəsizliyi təmin edən qüvvələrə hücum etməkdə və şəhərləri girov götürməkdə ittiham edib.


Meloni “X” sosial şəbəkəsindəki paylaşımında nümayiş keçirməyin hüquq olduğunu, lakin şəhərləri dağıtmağın qəbuledilməzliyini vurğulayıb.


İtaliya hökumətinin digər üzvləri də hücumları pisləyiblər. Baş nazirin müavini, sağçı “Liqa” partiyasının lideri Matteo Salvini isə baş verənləri “şəhər müharibəsi” adlandırıb.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR