Cənubi Koreya Yaxın Şərqdə hərbi əməliyyatlara qoşula bilər
Cənubi Koreya Yaxın Şərqdə hərbi fəaliyyətini genişləndirmək imkanını nəzərdən keçirir.
Sfera.az bildirir ki, “Kyunghyang Shinmun” qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Seuldan İrana qarşı hərbi əməliyyatlara dəstək verməsini tələb edir.
Nəşrin yazdığına görə, Seul 2009-cu ildə Ədən körfəzinə göndərilmiş “Çhonhe” adlı dəniz quldurluğuna qarşı mübarizə bölməsinin fəaliyyət zonasını genişləndirməyi araşdırır. Bu zonaya Hörmüz boğazı ilə əlaqəli Oman körfəzi də daxil edilə bilər.
“Kyunghyang Shinmun”un məlumatına əsasən, Cənubi Koreya Prezidenti Li Ce Myonun administrasiyası bu ilin sonunda başa çatacaq bölmənin missiya müddətinin uzadılması ilə bağlı parlamentə təklif təqdim etməyi planlaşdırır. Bundan əlavə, hökumət regiondakı hərbi mövcudluğu gücləndirmək üçün əraziyə freqat göndərilməsi imkanını da nəzərdən keçirir.
Cənubi Koreyanın Müdafiə Nazirliyi “Reuters” agentliyinə bildirib ki, hakimiyyət bölmənin xidmət müddətinin 2026-cı il dekabrın 31-dək uzadılması ilə bağlı parlamentə təklif təqdim edilməsi məsələsini araşdırır. Bununla belə, missiyanın uzadılmasının konkret şərtləri hələ müəyyənləşdirilməyib.
Nazirlik həmçinin Ədən körfəzində vəziyyətin pisləşdiyini və dəniz quldurlarının fəallığının ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artdığını qeyd edib.
Cənubi Koreyanın YTN telekanalının məlumatına görə, “Çhonhe” bölməsinin tərkibinə 4 400 ton su tutumuna malik esmines, dəniz aviasiyasına məxsus helikopter, üçədək sərt gövdəli şişmə qayıq və təxminən 300 hərbçi daxildir.
Tramp Seulu İran əleyhinə hərbi əməliyyatlara kifayət qədər dəstək verməməkdə ittiham edib. O, yayda ABŞ və Cənubi Koreyanın birgə keçirdiyi genişmiqyaslı hərbi təlimlərin həcmini də azaldıb. Bu addım Vaşinqtonun müttəfiqində narahatlıq yaradıb.
Sentyabrın 18-də Prezident Li ölkəsinin münaqişəyə cəlb olunmasına səbəb ola biləcək şəkildə Yaxın Şərqə hərbi qüvvə və texnika göndərmək niyyətində olmadığını bildirib. Bununla yanaşı, o, Seulun regionda dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsində daha fəal iştirak imkanlarını nəzərdən keçirdiyini qeyd edib.
Fatimə
Sfera.az






