Ağ Evin kommunikasiya böhranı: Yeni sözçü ümidləri doğrultmadı
ABŞ Prezidenti Donald Trampın yeni mətbuat katibi Keti Zaxarian Ağ Evdə keçirdiyi ilk brifinqdən sonra tənqid və istehza hədəfinə çevrilib. Onun çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub, hətta vəzifədə nə qədər qala biləcəyi ilə bağlı suallar yaranıb.
Sfera.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
“Fox News” telekanalının 41 yaşlı şərhçisi Zaxarian mətbuat katibi kimi oktyabrın 13-də jurnalistlər qarşısında ilk dəfə çıxış edib. O, daha əvvəl ABŞ-nin İmmiqrasiya və Gömrük Xidməti əməkdaşları ilə çəkdirdiyi fotolara görə “ICE-nin Barbisi” adlandırılıb. Yeni vəzifəsində ilk çıxışına Trampa dəstəyini ifadə edən geniş nitqlə başlayan Zaxarian prezidentin komandasında çalışmağın çoxdankı arzusu olduğunu bildirib.
Lakin brifinqin davamında vəziyyət onun üçün o qədər də uğurlu olmayıb. ABŞ-nin Venesuelaya qarşı “tarixi birgünlük müharibəsi” barədə danışarkən sözlərini qarışdıran mətbuat katibi fikrini ifadə etməkdə çətinlik çəkib. O, “İndi bizim... bizim sürətlə inkişaf edən iqtisadiyyatımız var” deyərək çaşqınlıq yaşayıb.
Zaxarianın növbəti səhvi isə daha çox diqqət çəkib. Vaşinqtona onunla birlikdə gələn həyat yoldaşı Tayler və dörd övladı haqqında danışan mətbuat katibi ailəsindən ayrı axşamlar keçirmək istəmədiyini izah edərkən həyat yoldaşını səhvən “prezidentim” adlandırıb.
“Axşamları uşaqlarımla keçirməmək fikri mənim üçün tamamilə qəbuledilməzdir. Buna görə də prezidentim... Bağışlayın, həyat yoldaşım. Yaxşı alındı. Həyat yoldaşım bir həftəlik bura gəlib”, – deyə o, səhvini düzəltməyə çalışıb.
Mətbuat katibi ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırıb-dayandırmadığı barədə suala da dərhal cavab verə bilməyib. “Bunu dəqiqləşdirməliyəm”, – deyə Zaxarian bildirib.
Cəmi 14 dəqiqə davam edən brifinqdə o, “Daily Mail” də daxil olmaqla, yalnız üç media orqanının nümayəndələrinin suallarını cavablandırıb və daha sonra görüşü gözlənilmədən başa çatdırıb.
Qeyd edək ki, Zaxarian bu həftə avqust ayında vəzifəsindən ayrılan Kerolayn Livittin yerinə təyin olunub. O, bundan əvvəl ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndəsi kimi çalışıb, lakin həmin vəzifədə cəmi altı həftə qalıb.
Donald Tramp isə yeni mətbuat katibinin ilk çıxışını müsbət qiymətləndirərək onun “çox yaxşı” olduğunu deyib. Bununla belə, Ağ Evin keçmiş kommunikasiya direktoru, Trampın ilk prezidentliyi dövründə bu vəzifədə cəmi 11 gün çalışan Entoni Skaramuççi daha bədbin fikir səsləndirib.
“Geri sayım başlayıb”, – deyə o bildirib və bununla Zaxarianın Ağ Evdəki fəaliyyətinin uzun sürməyə biləcəyinə işarə edib.
Firuzə Əliyeva






