Trampdan Zelenskiyə ZƏRBƏ: “Ukrayna özünə başqa lider seçməlidir”
Avropa İttifaqına üzv ölkələrin Ukraynanın quruma üzvlüyü ilə bağlı danışıqların yeni mərhələsinə keçidinə razılıq verməsi Kiyevin Avropaya inteqrasiyası istiqamətində diqqətçəkən hadisədir. Xüsusilə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün danışıqların gündəmdə olduğu bir vaxtda bu prosesin geosiyasi təsirləri maraq doğurur.
Bəs Ukraynanın Aİ-yə üzvlüyü Rusiya və ABŞ ilə münasibətlərə necə təsir edə bilər? Bu addım sülh danışıqlarına maneə yarada bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlma verən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, son dövrlərdə müzakirə olunan əsas siyasi hadisələr arasında ABŞ Prezidenti Donald Trampın Rusiyadan dizel yanacağının ixracına imkan verən razılaşma elan etməsi, Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq göstərməsi və Avropanın Kiyevə dəstəyini davam etdirməyə çalışması xüsusi yer tutur.
Onun sözlərinə görə, Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsi ölkənin gələcək təhlükəsizliyi və Avropanın müdafiə arxitekturası ilə daha sıx əlaqələndirilir:
“Avropa İttifaqı Ukrayna və Moldovanın da daxil olduğu gələcək genişlənmə prosesinə hazırlaşır. Bu məqsədlə qurum daxilində islahatlar aparılır, demokratik geriləmənin qarşısını almaq üçün təminatlar və keçid mexanizmləri nəzərdən keçirilir. Beləliklə, Aİ-yə üzvlük məsələsi təkcə iqtisadi və siyasi inteqrasiya deyil, həm də geosiyasi və təhlükəsizlik məsələsi kimi ön plana çıxır.
Yeni üzvlərin qəbulu zamanı maliyyə, institusional və siyasi risklərin məhdudlaşdırılması da nəzərə alınır. Bu baxımdan, üzvlük prosesində müvafiq təminatların və keçid mexanizmlərinin tətbiqi məsələsi xüsusi əhəmiyyət daşıyır. Bununla belə, Avropa İttifaqı genişlənmə siyasətini davam etdirməkdə maraqlıdır”.

Ş.Həsənova diqqətə çatdırıb ki, Trampın Rusiyadan dizel yanacağının ixracına imkan verən razılaşmanı elan etməsi Qərb daxilində yanaşma fərqlərini üzə çıxarır:
“Bu addım ABŞ-də hər iki partiyanın nümayəndələri tərəfindən də tənqid olunub və Vaşinqtonun sanksiya siyasəti, eləcə də Rusiyanın gəlirlərini məhdudlaşdırmaq məqsədi ətrafında müzakirələri yenidən gündəmə gətirib. Zelenskinin Rusiyanın dizel yanacağı ilə bağlı razılaşmasını tənqid etməsindən sonra Trampın Ukraynanın başqa bir lider seçməli olduğunu bildirməsi iki prezident arasındakı onsuz da mürəkkəb münasibətləri daha da gərginləşdirir. Bu vəziyyət ABŞ-nin enerji bazarındakı cari maraqları ilə Rusiyanın gəlirlərini məhdudlaşdırmaq məqsədi arasında ziddiyyətlərin mövcudluğunu göstərir”.
Ş.Həsənova hesab edir ki, Ukraynanın Aİ-yə üzvlük danışıqlarında yeni mərhələyə keçidi Kiyevin Avropaya inteqrasiya istəyinin davam etdiyini, Avropa İttifaqının isə Ukraynanın gələcəyində daha fəal rol oynamağa çalışdığını göstərir:
“Bu proses Rusiyada regional təsir imkanlarının azalması ilə bağlı narahatlıq yarada, eyni zamanda ABŞ-nin vasitəçilik strategiyası ilə Avropanın uzunmüddətli yanaşması arasındakı fərqləri daha aydın şəkildə üzə çıxara bilər. Ukraynanın Avropa İttifaqına üzvlük istiqamətində irəliləməsi yalnız Kiyevin xarici siyasət seçimi deyil, həm də Rusiya ilə münasibətlərə və ABŞ-ın münaqişənin həllindəki roluna təsir göstərə biləcək geosiyasi amildir”.
Firuzə Əliyeva






