Macarıstan geri çəkildi: Rusiya-Ukrayna müharibəsinin gedişatı dəyişəcək?
Macarıstanın Baş naziri Peter Magyar bildirib ki, ölkəsi Ukraynaya silah tədarük etməkdən imtina edir və onların öz ərazisindən keçirilməsinə icazə verməyəcək.
Bununla belə, o, Kiyevlə münasibətləri bərpa etmək üçün “kiçik addımlar atmağa” hazır olduğunu qeyd edib və bu həftə Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi istisna etməyib.
Bəs bu mövqe Rusiya-Ukrayna müharibəsinin gedişinə və sülh danışıqlarına təsir göstərə bilərmi?
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında bildirib ki, Macarıstanın mövqeyi Avropa İttifaqı daxilində fikir ayrılıqlarının mövcudluğunu göstərsə də, bu ölkənin Ukrayna müharibəsinin gedişatını dəyişmək imkanları məhduddur.
Onun sözlərinə görə, Macarıstan uzun müddətdir Rusiya ilə münasibətlərin qorunmasına çalışan və Avropa İttifaqının Rusiyaya qarşı siyasətindən fərqli mövqe sərgiləyən ölkə kimi tanınır:

“Keçmiş baş nazir Viktor Orbanın hakimiyyəti dövründə də Budapeşt Moskvanın maraqlarına uyğun siyasət yürüdür, Rusiyaya qarşı sanksiyaların tətbiqinə mane olmağa və Ukraynaya dəstək prosesini məhdudlaşdırmağa çalışırdı. Orbanın seçkilərdə məğlubiyyətindən sonra hakimiyyətə gələn qüvvələrin siyasətində müəyyən fərqlər olsa da, Macarıstanın Rusiya ilə münasibətləri tamamilə dəyişməyib. Bunun əsas səbəblərindən biri ölkənin enerji sahəsində Rusiyadan asılılığı ola bilər”.
E.Xalidbəyli hesab edir ki, ABŞ-nin son dövrlərdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyi də Macarıstanın siyasətinə təsir göstərən amillərdəndir. Onun fikrincə, Donald Tramp administrasiyasının Moskva ilə münasibətləri yaxınlaşdırmağa çalışması və Ukraynaya təzyiqləri Macarıstan üçün Kiyevə qarşı daha sərt mövqe sərgiləmək baxımından əlavə imkanlar yarada bilər:
“Macarıstanın bu mövqeyi Avropa İttifaqının Ukrayna siyasətinin bütövlükdə dəyişəcəyi anlamına gəlmir. Budapeşt əvvəllər də oxşar siyasət yürüdüb, buna baxmayaraq, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdə davam edib. Macarıstanın mövqeyi Avropa İttifaqı daxilində çatların mövcudluğunu göstərir və qurumun vahid siyasətinə zərbə vurur. Bununla belə, Macarıstan Ukrayna müharibəsinin istiqamətini dəyişə biləcək imkanlara malik dövlət deyil. Ukraynanın gələcəyini müəyyənləşdirən əsas güclər sırasında Macarıstan yer almır. Bu ölkə daha çox Rusiyanın Avropadakı tərəfdaşı kimi çıxış edir”.
Politoloq deyib ki, Macarıstan müəyyən siyasi və diplomatik problemlər yarada bilər, lakin onun mövqeyi Rusiyaya qarşı çıxış edən Avropa ölkələrinin ümumi siyasətini dəyişdirmək üçün kifayət deyil. Buna görə də Budapeştin qərarlarının sülh prosesinin ümumi istiqamətinə həlledici təsir göstərəcəyi gözlənilmir.
İradə Elsevər
Sfera.az






