Rusiya İranın taktikasını tətbiq edə bilər? – Politoloqdan AÇIQLAMA

Rusiya İranın taktikasını tətbiq edə bilər? – Politoloqdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Bəzi xarici analitiklər ABŞ və İsraillə müharibədə İranın tətbiq etdiyi genişlənmə, müharibənin daha geniş coğrafiyaya yayılması strategiyasının uğurlu olduğunu bildirirlər. İran bununla öz mövqeyini qoruya bildiyi, rəqiblərini geri çəkilməyə məcbur etdiyi qeyd edilir. İddialara görə Rusiya bundan ilhamlanaraq oxşar strategiyanı tətbiq edə bilər.

Bəs bu halda Rusiyanın da uğurlu olması ehtimalı varmı?

Politoloq Həşim Səhrablı Sfera.az-a açıqlamasında bildirib ki, İranın əsas qazancı rejimin qorunması olub.

Onun fikrincə, əgər rejimin özünü qoruyub saxlamasına uğur deyilirsə, genişlənmə sayəsində İran xarici təhlükəni təzyiq altında saxlaya bilib.

Politoloqun sözlərinə görə, başda ərəb ölkələri olmaqla, Hörmüz boğazının bağlanmasından və genişlənmədən zərər görən ölkələr narahatlıqlarını ABŞ-yə bildirirdilər və ona təzyiq göstərirdilər:

“Nəticədə ABŞ hərbi əməliyyatlarla nəticə əldə etmək yanaşmasından uzaqlaşdı və problemin diplomatik yollarla həllini axtarmağa başladı. Bununla belə, İranın əldə etdiyi nəticələri tam mənada uğur hesab etmək doğru deyil. Ölkənin infrastrukturuna ciddi zərbələr vurulub, nüvə proqramı zəifləyib və iqtisadi vəziyyət daha da ağırlaşıb”.

H.Səhrablı deyib ki, hazırda bazaların bombalanması səbəbindən İran nüvə fəaliyyəti istiqamətində əvvəlki kimi rahat və effektiv təkmilləşdirmə apara bilmir:

“Üstəlik, İran iqtisadiyyatı onsuz da pis vəziyyətdə idi, indi daha da ağır vəziyyətə düşüb. Burada sadəcə İranın qazandığı uğur rejimin özünün qorunması və müharibəni genişləndirmək riskini göstərməklə qarşı tərəfi hərbi əməliyyatları dayandırmağa sövq etməsi oldu. Faktiki olaraq nə ABŞ, nə İsrail, nə də İran ağ bayraq qaldırıb. Ona görə də burada uğur deyəndə daha çox formal qazanclardan söhbət gedir”.

Politoloq Rusiyanın bu təcrübədən Ukraynada istifadə edə biləcəyi ehtimalına da toxunub. O söyləyib ki, İranın vəziyyəti ilə Rusiyanın qarşılaşdığı geosiyasi şərtlər arasında ciddi fərqlər var:

“İran ərəb dövlətlərini vururdu, amma həmin dövlətlərin faktiki olaraq hansısa hərbi alyansda birləşməsi və ya müdafiəsini öz üzərinə götürən beynəlxalq güc mərkəzləri yox idi. Rusiya isə bunun üçün Polşaya, Finlandiyaya və ya Rumıniyaya zərbə endirməlidir. Bunlar NATO üzvləridir. Rusiya bir NATO üzvünə münaqişə səbəbindən birbaşa zərbə endirməyə, yəni İranın taktikasını həyata keçirməyə hazırdırmı?”

Ekspert hesab edir ki, Rusiyanın NATO ölkələrindən birinə hücum etməsi vəziyyətində alyansın kollektiv müdafiə mexanizminin işə düşməsi Moskvanın qarşısında daha böyük risklər yarada bilər:

“Rusiya Finlandiyanı və ya Polşanı vursa, NATO-nun 5-ci maddəsi işə düşsə, nə olacaq? Onlar hücuma kollektiv şəkildə cavab verəcəklər. O zaman Rusiya düşmənlərinin sayını bir ölkədən beşə və daha çoxuna çıxara bilər. Rusiya NATO-nun mümkün reaksiyası ilə bağlı tam əmin olmadığı müddətdə belə bir addım atmağa hazır deyil. Əgər Rusiya dəqiqləşdirsə ki, NATO səssiz qalacaq, hər hansı Avropa ölkəsinə zərbə endirilsə belə cavab verilməyəcək onda bunu edə bilər”.

O əlavə edib ki, hazırda Rusiyanın əsas strategiyası Ukraynanı tükəndirmək və Kiyevi Moskva ilə kompromisə getməyə məcbur etməkdir:

“Rusiya hələ ki Ukraynanı tükəndirmə siyasəti aparır və Ukrayna hakimiyyətini Rusiya ilə kompromisə getməyə məcbur etmək istəyir. Hazırda Rusiya üçün strategiya budur. Əgər bütün yolların tükəndiyini, Ukraynanı məğlub edə bilmədiyini, məqsədlərinə çata bilmədiyini və zamanın onun əleyhinə işlədiyini görsə, o zaman digər versiyanı düşünə bilər. Amma bu da inandırıcı görünmür. Çünki bircə Ukrayna ilə bacarmayan Rusiya kollektiv NATO ilə necə bacaracaq? Bu da ayrıca sualdır”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR