BMT-dən xəbərdarlıq: 8,3 milyon insan yardımsız qalacaq

BMT-dən xəbərdarlıq: 8,3 milyon insan yardımsız qalacaq
Kateqoriya məlum deyil
T

Dərinləşən maliyyə böhranı bu il təxminən 8,3 milyon qaçqın və məcburi köçkün şəxsin yardımdan məhrum qalmasına səbəb ola bilər.

Sfera.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) məlumat yayıb.

BMT QAK donor ölkələrin yardımlarını azaltmasından sonra tarixinin ən ciddi maliyyə böhranlarından biri ilə üzləşib. Agentliyin yeni hesabatına əsasən, hazırda 5,789 milyard dollarlıq maliyyə çatışmazlığı yaranıb. Mövcud maliyyələşmə 2024-2025-ci illər arasında 24 faiz azalıb.

2026-cı ilin iyul ayına olan məlumata görə, BMT QAK il ərzində ehtiyac duyduğu 8,505 milyard dolların yalnız 32 faizini əldə edib. Bununla yanaşı, dünyada məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərin sayı rekord həddə yaxındır. Agentliyin hesablamalarına görə, onun mandatı altında olan insanların sayı ilin sonuna qədər 131,2 milyona çatacaq. Bu göstərici ötən ilin sonunda 129,4 milyon olub.

BMT QAK hesabatında maliyyə çatışmazlığının qaçqınların qeydiyyatı, uşaqların müdafiəsi proqramları və gender əsaslı zorakılıqdan zərər çəkən şəxslərə göstərilən xidmətlərə ciddi təsir edə biləcəyi bildirilib. Hesabatda xüsusilə çox sayda məcburi köçkünün yerləşdiyi ölkələrdə vəziyyətin ağırlaşdığı qeyd olunub. Sudandakı münaqişədən qaçan qaçqınların sığındığı Çadda 319 min insanın qeydiyyatla bağlı gecikmələrlə üzləşdiyi, 200 min qadın və qızın isə təhlükəsiz məkanlara və zorakılığın qarşısının alınması proqramlarına çıxışını itirə biləcəyi bildirilib.

Sudanda isə vətəndaş müharibəsinin dördüncü ilinə daxil olması ilə dünyanın ən böyük məcburi köçkün böhranlarından biri davam edir. BMT QAK-ın məlumatına görə, 2026-cı ilin ilk beş ayında qeydiyyat fəaliyyətlərinin dayandırılmasından sonra ilin ortalarına qədər təxminən 140 min qaçqın və sığınacaq axtaran şəxs qeydiyyatsız qalıb.

Əfqanıstanda ölkəyə qayıdan şəxslərə BMT QAK tərəfindən verilən maliyyə yardımı da azaldılıb. Belə ki, bir nəfər üçün ödəniş 375 dollardan 170 dollara endirilib. Təkcə bu il qonşu İran və Pakistan da daxil olmaqla digər ölkələrdən Əfqanıstana məcburi və ya könüllü qayıdan insanların sayı 1 milyonu ötüb.

BMT QAK əlavə xərclərin azaldılması tədbirlərinin maliyyə çatışmazlığını kompensasiya edə bilməyəcəyini bildirib. Agentlik artıq 2025-ci ildə işçi heyətinin 33 faizini ixtisar edib, 140 ərazidə ofislərini bağlayıb və 2024-cü illə müqayisədə 15 ölkədə fəaliyyətini dayandırıb.

Hesabatda həmçinin donor maliyyələşməsinin daha böyük hissəsinin konkret məqsədlərə bağlandığı qeyd olunub. Bu göstərici 2021-ci ildəki 19 faizdən 2026-cı ildə 51 faizə yüksəlib. BMT QAK bunun resursların ən təcili ehtiyacların olduğu istiqamətlərə yönəldilməsi imkanlarını məhdudlaşdırdığını açıqlayıb.

Agentlik xəbərdarlıq edib ki, maliyyələşmənin azalması qaçqınların sənədsiz qalması və gender əsaslı zorakılıqdan zərər çəkən şəxslərin ehtiyac duyduqları dəstəkdən məhrum olması riskini artırır.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR