Nepaldakı sel fəlakəti acı həqiqəti ortaya çıxardı
Nepalda 1 400-dən çox insanın həyatını itirdiyi və təxminən 5 milyard dollar zərərə səbəb olan böyük sel fəlakətindən bir ay keçməsinə baxmayaraq, BMT-nin Zərər və İtkilər Fondundan ölkəyə hələ də vəsait ayrılmayıb.
Sfera.az xəbər verir ki, bu barədə “Nature” jurnalında yayımlanan ekspert təhlilində məlumat verilib.
Məlumata görə, Nepalın Rasuva bölgəsində baş verən güclü sel və torpaq sürüşmələri nəticəsində 1 400-dən çox insan ölüb, təxminən 6 min nəfər isə itkin düşüb. Fəlakətin ölkəyə vurduğu zərərin 5 milyard dollar civarında olduğu bildirilir. Bu rəqəm Nepalın milli gəlirinin təxminən 10 faizinə bərabərdir.
Nepal hökuməti fəlakətdən dərhal sonra BMT fonduna rəsmi müraciət edib. Lakin ekspertlər mürəkkəb və uzun bürokratik prosedurların təcili maliyyə yardımının ayrılmasını gecikdirdiyini bildirirlər.
Digər əsas problem isə fəlakətin iqlim dəyişikliyi ilə əlaqəsinin elmi şəkildə sübut edilməsidir. Araşdırmaçılar Himalaylarda buzlaqların əriməsi, daşqınlar və torpaq sürüşmələri kimi mürəkkəb hadisələrin iqlim böhranı ilə əlaqəsini dəqiq müəyyənləşdirməyin uzun illər çəkə biləcəyini vurğulayırlar.
Ekspertlərin fikrincə, inkişaf etməkdə olan ölkələrdən belə mürəkkəb elmi sübutların tələb edilməsi yardım prosesini daha da çətinləşdirir. Onlar BMT fondunda islahatların aparılmasını, fövqəladə hallarda bürokratik maneələr olmadan sürətli maliyyələşdirmə mexanizminin yaradılmasını və zərər çəkmiş ölkələrin yüksək faizli borclara məcbur edilməməsini təklif edirlər.
Mənsumə






