Netanyahunun gizli izləmə sistemi üzə çıxdı

Netanyahunun gizli izləmə sistemi üzə çıxdı
Kateqoriya məlum deyil
T

İsrail Baş naziri Binyamin Netanyahunun müşaviri Yonatan Uriçin Netanyahu və həyat yoldaşı Sara Netanyahu ilə bağlı media məlumatlarını izləmək üçün süni intellekt əsaslı sistem hazırladığı üzə çıxıb. Bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

Sfera.az xəbər verir ki, məlumata görə, Likudun seçki kampaniyası üçün hazırlanan sistem süni intellekt mühərriki “Claude” vasitəsilə işləyir. Sistem hər 90 saniyədən bir İsraildəki təxminən 50 xəbər mənbəyini skan edərək Netanyahu, onun həyat yoldaşı və Likudla bağlı paylaşımları müəyyənləşdirir.

Sistem aşkar etdiyi məlumatları iki ayrı “WhatsApp” qrupuna göndərir. Qruplardan biri Sara Netanyahu ilə bağlı xəbərlərə, digəri isə baş nazir və Likudla bağlı media monitorinqinə həsr olunub.

Bildirilib ki, sistem sentyabrın 1-dən etibarən fasiləsiz fəaliyyət göstərib və bu müddətdə 19 mindən çox skan həyata keçirib. Hazırlanan 18 gündəlik hesabatın təhlili zamanı izlənilən şəxslər və mövzularla bağlı təxminən 5 500 məlumat aşkarlanıb.

Sistem yalnız məlumatları toplamaqla kifayətlənməyib. Ona xəbər materiallarının əhəmiyyətini qiymətləndirmək, mümkün risk və imkanları müəyyənləşdirmək, həmçinin Netanyahu və ya Likudun hansı formada reaksiya verməsinin məqsədəuyğun ola biləcəyinə dair tövsiyələr hazırlamaq tapşırılıb.

Məlumata görə, monitorinq siyahısına Netanyahu, Likud, Sara Netanyahu ilə yanaşı Yair Qolan, Qadi Ayzenkot, Yair Lapid, Naftali Bennet və Aviqdor Liberman kimi siyasətçilər də daxil edilib.

Sistemin kodu Uriçin açıq “GitHub” hesabında yayımlandıqdan sonra üzə çıxıb. Araşdırma zamanı kodda “WhatsApp” qruplarının identifikatorları və giriş açarının da yer aldığı müəyyən edilib. “Haaretz”in məlumatına görə, bu məlumatların əldə edilməsi həmin qruplara icazəsiz girişə, üzvlərin və telefon nömrələrinin görünməsinə, eləcə də qruplardakı məlumatların əldə edilməsinə imkan yarada bilərdi.

Qəzetin müraciətindən sonra Uriçin “GitHub” hesabına giriş məhdudlaşdırılıb və təhlükəsizlik açığı aradan qaldırılıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR