Çin və ABŞ razılığa gələ bilmədi - Problemlərin həlli uzanır

Çin və ABŞ razılığa gələ bilmədi - Problemlərin həlli uzanır
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında keçirilən görüşün nəticələri iki ölkə arasında əsas strateji məsələlər üzrə ciddi razılaşmaların əldə olunmadığını göstərir.

Siyasi şərhçi Müşfiq Abdulla Sfera.az-a açıqlamasında bildirib ki, tərəflər bir sıra istiqamətlərdə əməkdaşlığın vacibliyini vurğulasalar da, ABŞ-Çin rəqabəti və əsas geosiyasi məsələlər üzrə fikir ayrılıqları qalmaqdadır.

Onun sözlərinə görə, Si Cinpinin ABŞ-ni süni intellekt, texnologiya, ticarət, hərbi sahə və kadr hazırlığı daxil olmaqla müxtəlif istiqamətlərdə bərabərhüquqlu əməkdaşlığa çağırması Çinin Vaşinqtonun qlobal liderliyini qəbul etmədiyini göstərən siyasi mesaj kimi qiymətləndirilə bilər:

"ABŞ-nin Çinlə bağlı tarif siyasətində tam geri addım atmaması da tərəflər arasında ticarət qarşıdurmasının başa çatmadığını göstərir. Mövcud vəziyyət ABŞ və Çin arasında qlobal rəqabətin yaxın perspektivdə də davam edəcəyini deməyə əsas verir".

Siyasi şərhçi hesab edir ki, görüşdə süni intellekt sahəsində əməkdaşlıq və bu texnologiyalara nəzarət məsələləri müzakirə olunsa da, konkret mexanizmlər müəyyən edilməyib:

"Eyni zamanda, İran böhranı, Hörmüz boğazında vəziyyət və Tayvan məsələsi üzrə də tərəflərin ortaq mövqeyə gəlməsi mümkün olmayıb. Çin ABŞ-ni İranla bağlı əvvəlki razılaşmaya qayıtmağa və atəşkəs istiqamətində addımlar atmağa çağırır. ABŞ isə Pekinin Tehran üzərində daha ciddi təzyiq göstərməsində maraqlıdır. Tərəflərin bu məsələdə mövqelərinin fərqli olması qlobal enerji bazarındakı qeyri-müəyyənliyin davam etməsinə səbəb ola bilər".

Ekspert Tayvan məsələsinin də ABŞ-Çin münasibətlərində əsas fikir ayrılığı olaraq qaldığını vurğulayıb:

"Pekin Vaşinqtondan Tayvanın müstəqilliyini dəstəkləməməsini və “Vahid Çin” prinsipinə daha açıq şəkildə dəstək verməsini gözləyir. ABŞ-ın mövqeyi isə bu tələblərlə tam üst-üstə düşmür".

Çinin İrana hərbi dəstəyi ilə bağlı iddiaların ABŞ-Çin münasibətlərində əlavə gərginlik yarada biləcəyini deyən ekspert qeyd edib ki, Pekinin Tehranla münasibətlərinin dərinləşməsi və İrana mümkün hərbi dəstək Vaşinqtonun Çinə qarşı yeni sanksiyalar tətbiq etməsinə səbəb ola bilər.

Siyasi şərhçi ABŞ-Çin rəqabətinin Azərbaycan və regiona mümkün təsirlərindən də danışıb:

"Hazırda bu rəqabətin Azərbaycan ərazisində birbaşa qarşıdurmaya çevrildiyini söyləmək mümkün deyil. Həm Çin, həm də ABŞ Orta dəhlizin inkişafında müəyyən maraqlara malikdir".

M.Abdulla söyləyib ki, gələcəkdə Çin məhsullarının Azərbaycan və Zəngəzur dəhlizi üzərindən Avropaya daşınması genişlənərsə, ABŞ-ın bu marşruta və Çin məhsullarına qarşı mümkün ticarət məhdudiyyətləri regionda rəqabətin yeni mərhələsinə səbəb ola bilər:

"Bununla belə, o hesab edir ki, belə bir vəziyyət Avropanın da iqtisadi maraqlarına təsir göstərə bilər. İndiki mərhələdə ABŞ və Çin arasında əsas məsələ rəqabətin tam aradan qalxması deyil, onun idarə olunan formada saxlanılmasıdır. Hazırkı məlumatlarda da görüşdən sonra əsas fikir ayrılıqlarının İran, Tayvan və ticarət məsələlərində qaldığı, ticarət razılaşmasının isə yalnız qısa müddətə uzadıldığı bildirilir".

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR