Filippində liseyə silahlı hücum: 1 ölü, 4 yaralı

Filippinin cənubundakı Cənubi Kotabato əyalətinin Banga şəhərində yerləşən liseydə silahlı hücum baş verib.
Sfera.az xəbər verir ki, Cənubi Kotabato qubernatoru Reynaldo Tamayonun açıqlamasına görə, hadisə nəticəsində 1 nəfər həyatını itirib, 4 nəfər yaralanıb. Yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Ölkədə məktəblərə silahlı hücumlar nadir hallarda baş versə də, iyun ayından etibarən 3-cü belə hadisə qeydə alınıb.
Ötən ay Zamboanqa şəhərində bir şagird sinifdə başqa bir şagirdi güllələyərək öldürüb və hadisəni canlı yayımlayıb. Daha sonra həmin şagird intihar edib.
İyun ayında isə Takloban şəhərindəki dövlət liseyinə hücum zamanı ən azı 3 şagird ölüb, təxminən 20 nəfər yaralanıb. Hücumda iki şagird digər şagirdlərə atəş açıb.
İradə Elsevər






