Rusiya mülki hədəflərə zərbə endirir - Kremlin məqsədi nədir?

Rusiyanın Ukraynanın mülki hədəflərinə qarşı hücumları intensivləşir. Artıq bir neçə gündür ki, mülki hədəflər vurulur. Bunun nəticəsində müxtəlif obyektlər dağıdılıb, eləcə də çoxlu sayda insan dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, ötən gecə Rusiya Ukraynanın mülki hədəflərinə qarşı növbəti hücumu həyata keçirib. Kiyev, Xerson, Donetsk, Zaporojye, Sumı, Dnepr, Xarkov, Çerniqov və Jitomir hücumların hədəfi olub.
Bu hücum nəticəsində, Hindistan vətəndaşı da daxil olmaqla, 12 nəfər ölüb. Rusiyanın mülki insanları hədəfə alacağı əvvəlcədən bəlli idi, çünki bununla bağlı Rusiya rəsmilərindən açıqlamalar gəlmişdi.
Bəs Rusiyanın bu cür davranmasında məqsəd nədir?
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlama verib.
O bildirib ki, Rusiya savaş meydanında məğlub olduqca daha da aqressivləşir:

“Xüsusilə də Ukraynanın Rusiyanın ərazisinin dərinliklərinə endirdiyi sarsıdıcı və dağıdıcı zərbələr Kremldə isterik əhval-ruhiyyə yaradır. Rusiya bunun qarşısında dayanmaqda çətinlik çəkir. Ona görə də Ukraynanı geri çəkilmək məcburiyyətində qoymaq, Ukrayna əhalisi arasında təlaş, qorxu və xof yaratmaq üçün Rusiya artıq mülki obyektlərə zərbələr endirir. Bununla da Kreml Ukrayna əhalisinin savaşı dayandırmaq üçün Zelenski hakimiyyətinə təzyiq göstərəcəyinə ümid bəsləyir. Eyni zamanda, Zelenski hakimiyyətini də mülki obyektlərə vurulan zərbələrdən yayınmaq üçün Rusiyaya güzəştə getmək məcburiyyətində buraxmaq istəyir”.
Politoloq bildirib ki, Kiyev Kremldən gələn bütün bu aqressiv davranışlara boyun əymək niyyətində deyil:
“Ukrayna öz əraziləri ilə bağlı Rusiyaya güzəştə getməyə hazırlaşmır və böyük ehtimalla Rusiyanın bu aqressiv davranışları Ukrayna savaşının gələcək taleyinin həllində elə bir ciddi rol oynamayacaq. Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün imkanlarını səfərbər edəcək. Böyük ehtimalla, bundan sonrakı mərhələdə Qərbin Ukraynaya dəstəyi daha da arta bilər. Bu isə o deməkdir ki, Rusiyanın bu savaşda qalib gəlmək şansları o qədər də ümidverici deyil”.
Bəsti Rəfizadə







