14 il gizlənən qatil tutuldu

Məşhur aktyor Metyu Makkonahinin ilk ekran rolu 14 il ərzində gizlənən qatilin tutulmasına kömək edib.
Sfera.az axsam-a istinadən xəbər verir ki, aktyor bu barədə rejissor Cef Nikolsla Litl-Rokda keçirilən görüş zamanı danışıb.
Hadisə 1992-ci ildə baş verib. Həmin vaxt Makkonahi “Həll olunmamış sirlər” verilişinin bir bölümündə rol alıb. Aktyor 1978-ci ildə öldürülən Larri Dikkens adlı keçmiş dəniz piyadasını canlandırıb.
Larri Dikkens qonşuluqdakı uşaqları narahat edən bir nəfəri dayandırmağa çalışarkən öldürülüb. O, həmin şəxsin avtomobilinin açarlarını əlindən alıb. Cinayətkar isə silah çıxararaq Dikkensi güllələyib və hadisə yerindən qaçıb.
Qatil Edvard Harold Bell uzun illər polisə yaxalanmadan gizlənib. Lakin Makkonahinin rol aldığı bölüm yayımlandıqdan sonra verilişi izləyənlərdən biri ekranda hadisəni canlandıran şəxsin Bellə oxşadığını görüb və polisə məlumat verib.
Bundan sonra Bell 1992-ci ildə Panama-Sitidə saxlanılıb. O, Dikkensin qətlinə görə 70 il müddətinə həbs cəzası alıb.
Bell daha sonra 11 nəfəri öldürdüyünü etiraf edib. Lakin yalnız Dikkensin qətlinə görə məhkum olunub. O, 2019-cu ildə Texas həbsxanasında 79 yaşında ölüb.
Makkonahi həmin hadisəni xatırlayaraq deyib:
“Bir az öyünəcəyəm. "Həll olunmamış sirlər"də iştirak etdiyim bölümü xatırlayırsınız? Bir neçə həftə sonra bu adamı tutdular. Mənim çəkildiyim bölüm buna kömək etdi”.





