Meta uşaqların psixi sağlamlığına görə 942 milyon dollar ödəyəcək

Meta uşaqların psixi sağlamlığına vurduğu ziyana görə 942 milyon dollar ödəyəcək.
Sfera.az xəbər verir ki, ABŞ-nin Nyu-Meksiko ştatının məhkəməsi Facebook və Instagram platformalarının sahibi olan Meta şirkətinin uşaqların psixi sağlamlığına vurduğu zərərin aradan qaldırılması məqsədilə yaradılacaq fonda 567 milyon dollar ödəməsinə qərar verib.
Bu qərar mart ayında keçirilən məhkəmə prosesinin ikinci mərhələsinin nəticəsidir. Həmin vaxt andlılar heyəti Meta-nın uşaqların psixi sağlamlığına bilərəkdən zərər vurduğunu və platformalarında uşaqların cinsi istismarı ilə bağlı məlum faktları gizlətdiyini müəyyən etmiş, şirkətə 375 milyon dollar məbləğində maksimum cərimə tətbiq etmişdi.
Yeni qərarla birlikdə Meta-nın ödəməli olduğu ümumi məbləğ 942 milyon dollara çatıb.
Hakim Brayan Bidşeyd bildirib ki, ayrılan vəsaitin 420 milyon dolları Nyu-Meksikoda gənclər üçün psixoloji yardım və müalicə xidmətlərinə yönəldiləcək. Qalan məbləğ isə maarifləndirmə proqramları, profilaktik tədbirlər, müayinələr və digər layihələrin maliyyələşdirilməsinə sərf olunacaq.
Məhkəmə Meta-nın Facebook və Instagram platformalarında uşaqların təhlükəsizliyini gücləndirmək üçün əlavə tədbirlər görməsini də tələb edib. Şirkət yaşın müəyyənləşdirilməsi sistemlərini təkmilləşdirməli, 13 yaşdan kiçik istifadəçilərin aşkarlanması üçün süni intellekt əsaslı model hazırlamalı və bu istifadəçilərlə bağlı daha sərt təhlükəsizlik qaydaları tətbiq etməlidir.
Bundan başqa, Meta məktəblər və uşaq təhlükəsizliyi təşkilatları ilə əməkdaşlıq edərək azyaşlı istifadəçilərin müəyyənləşdirilməsi üçün xüsusi məlumatlandırma sistemi yaratmalı, həmçinin 13 yaşdan kiçik istifadəçilərə aid şəxsi məlumatları silməlidir.
Nyu-Meksikonun baş prokuroru Raul Torres qərarı uşaqların təhlükəsizliyi baxımından mühüm qələbə adlandırıb.
Meta isə qərarla razılaşmadığını açıqlayıb və apellyasiya şikayəti verəcəyini bildirib. Şirkət nümayəndələri yeniyetmələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi addımlar atdıqlarını və irəli sürülən iddiaların faktları tam əks etdirmədiyini vurğulayıblar.
İnci
Sfera.az






