Finlandiyadan evsizlik problemi üçün unikal həll

Finlandiya evsizlik probleminin həllində dünyanın bir çox ölkəsindən fərqli yanaşma tətbiq edərək diqqət çəkən nəticələr əldə edib. Ölkədə tətbiq olunan "Housing First" ("Əvvəlcə mənzil") modeli sayəsində minlərlə insan küçələrdən daimi yaşayış evlərinə köçürülüb.
Sfera.az xəbər verir ki, bu modelin əsas prinsipi evsiz şəxslərdən əvvəlcə iş tapmaq, müalicə almaq və ya digər şərtləri yerinə yetirməyi tələb etməməkdir. Əksinə, onlara ilk növbədə daimi yaşayış yeri verilir, daha sonra isə ehtiyaclarına uyğun sosial dəstək göstərilir.
Proqram çərçivəsində insanlar psixoloji və hüquqi məsləhətlər, tibbi xidmət, məşğulluq imkanları və sosial işçilərin dəstəyi ilə təmin olunur. Məqsəd onların cəmiyyətə yenidən inteqrasiyasını təmin etməkdir.
Bu siyasətin həyata keçirilməsi üçün Finlandiya hökuməti yeni yaşayış binalarının tikintisinə sərmayə yatırıb, müvəqqəti sığınacaqları isə daimi mənzillərə çevirib. Beləliklə, evsiz insanların uzun müddət sığınacaqlarda qalmasının qarşısı alınıb.
Mütəxəssislərin fikrincə, bu yanaşma yalnız evsizlərin sayını azaltmayıb, eyni zamanda dövlət büdcəsinə düşən yükü də azaldıb. Çünki daimi mənzillə təmin olunan şəxslərin təcili tibbi yardım, polis və digər sosial xidmətlərdən istifadə ehtiyacı da xeyli aşağı düşüb.
Hazırda Finlandiyanın tətbiq etdiyi "Housing First" modeli dünyada evsizlik probleminin həlli üzrə ən uğurlu nümunələrdən biri hesab olunur və bir sıra ölkələr tərəfindən də tətbiq edilməyə başlanılıb.
Firuzə Əliyeva
Sfera.az






