İnfantino maaşını 30 milyon dollara çatdırmaq istəyib

FİFA prezidenti Canni İnfantino "FİFA Forward Enterprise" layihəsinin reallaşacağı halda illik maaşını 30 milyon ABŞ dollarına qədər artırmağı planlaşdırıb.
Sfera.az xəbər verir ki, bu barədə "Tayms" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, İnfantino yeni yaradılması nəzərdə tutulan şirkətə rəhbərlik etdiyi üçün əlavə bonuslar da əldə etməyi düşünüb.
Layihəyə əsasən, "FİFA Forward Enterprise" adlı ayrıca şirkət yaradılmalı və FİFA-nın əsas kişi və qadın futbol turnirlərinin kommersiya idarəçiliyini öz üzərinə götürməli idi. İnfantino hesab edirdi ki, bu model FİFA-ya üzv milli assosiasiyaların gəlirlərini artıracaq və dünya futbolunun inkişafına əlavə töhfə verəcək.
Bununla belə, layihə futbol funksionerləri, milli federasiyalar və digər maraqlı tərəflər tərəfindən ciddi tənqid olunub.
Sonradan FİFA prezidenti dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılmasını nəzərdə tutan layihədən imtina edib.






