ABŞ və İsrailin İrana ən sərt hücuma hazırlaşdığı iddia olunur

ABŞ və İsrailin bu həftəsonu İranın enerji infrastrukturuna indiyədək ən genişmiqyaslı bombardmanlardan birini həyata keçirməyi planlaşdırdığı iddia edilir.
Sfera.az xəbər verir ki, bu barədə “CBS News” ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, planlaşdırılan hücumların əsas hədəfi İranın enerji infrastrukturu, o cümlədən elektrik stansiyaları və neft emalı zavodları ola bilər.
ABŞ rəsmiləri bildiriblər ki, İsrail tərəfi mümkün əməliyyatlarla bağlı məlumatlandırılıb və proses Vaşinqtonla koordinasiya şəraitində aparılır. Bununla yanaşı, ABŞ Prezidenti Donald Trump hələlik bu əməliyyatın keçirilməsi ilə bağlı yekun göstəriş verməyib.
Mənbələrin sözlərinə görə, məsələ ABŞ administrasiyasının Camp Daviddə keçirilən kabinet iclasında müzakirə olunub. Bildirilir ki, Ağ Evin bəzi rəsmiləri belə bir hücuma qəti şəkildə qarşı çıxıblar.
İsrailli mənbə isə iddia edib ki, bu həftə Vaşinqtonda Donald Trampla görüşən Benjamin Netanyahu İranla bağlı üç mümkün hərbi ssenarini müzakirə edib. Həmin variantlardan birinin quru təchizat marşrutlarını hədəfə alan hərbi əməliyyatlar olduğu qeyd edilir.
Digər ABŞ rəsmisi isə Vaşinqtonun münaqişə zamanı həm hərbi, həm də mülki məqsədlər üçün istifadə olunan körpülərə artıq zərbələr endirdiyini bildirib.
Ağ Evin mətbuat katibi Karoline Leavitt isə “CBS News”-a açıqlamasında deyib:
“Prezident Trampın bugünkü kabinet iclasında dediyi kimi, ABŞ qalib gələcək və İran onun prezidentliyi dövründə nüvə silahına sahib olmayacaq.”
Xatırladaq ki, Donald Tramp iyulun ortalarında verdiyi açıqlamada enerji obyektlərinin sonrakı mərhələdə hədəfə alınacağını bildirib, İranın danışıqlara razılaşmayacağı təqdirdə elektrik stansiyaları və körpülərin sıradan çıxarılacağını deyib.
Buna cavab olaraq İran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Ebulfazl Şikarçi ölkənin infrastrukturuna hücum ediləcəyi təqdirdə bölgədəki bütün strateji infrastruktur obyektlərinin hədəfə alınacağını bəyan edib.
Mənsumə






