7 metrlik piton 35 yaşlı kişini diri-diri uddu - İndoneziyada dəhşət

İndoneziyada baş verən dəhşətli hadisə ölkədə böyük rezonans doğurub. Gecə saatlarında evə qayıdan 35 yaşlı kişi nəhəng pitonun hücumuna məruz qalaraq həyatını itirib.
Sfera.az xəbər verir ki, hadisə İndoneziyanın Şimali Maluku əyalətində baş verib.
Məlumata görə, 35 yaşlı Hasim Lumbessi gecə saatlarında əyləncə məkanından çıxaraq meşə yolu ilə evinə qayıdarkən təxminən 7 metr uzunluğunda piton ona hücum edib. İddialara əsasən, ilan kolluqdan çıxaraq əvvəlcə kişinin ayağından dişləyib, daha sonra bədənini dolayaraq boğub. Bundan sonra piton onun cəsədini bütöv şəkildə udub.
Səhər saatlarında Hasimin evə qayıtmadığını görən yaxınları onun keçdiyi marşrut boyunca axtarış aparıblar.
Axtarış zamanı yerdə qan izləri, həmçinin kişiyə məxsus bel çantası, çiyin çantası və ayaqqabılar tapılıb.
Bir qədər sonra axtarış aparan şəxslər qarnı həddindən artıq şişmiş nəhəng piton aşkar ediblər. İlanın içərisində insan ola biləcəyindən şübhələnən sakinlər heyvanı kəsiblər. Nəticədə itkin düşən Hasim Lumbessinin cəsədi pitonun qarnından çıxarılıb.
Qeyd edək ki, İndoneziyada iri torlu pitonların insanlara hücum etməsi nadir hallarda baş versə də, son illərdə bu cür bir neçə ölümcül hadisə qeydə alınıb.
Firuzə Əliyeva
Sfera.az






