Dunayda su azalır: Macarıstanın yeganə AES-i tam dayana bilər

Dunayda su azalır: Macarıstanın yeganə AES-i tam dayana bilər
Kateqoriya məlum deyil
T

Macarıstanın Baş naziri Peter Macarı Dunay çayında su səviyyəsinin kəskin azalması səbəbindən ölkənin əsas enerji mənbələrindən biri olan Paks Atom Elektrik Stansiyası-nın fəaliyyətini tamamilə dayandıra biləcəyini açıqlayıb.

Sfera.az xəbər verir ki, Baş nazirin sözlərinə görə, gecə və səhər saatlarında stansiyanın enerji bloklarında yeni məhdudiyyətlər tətbiq olunub. Nəticədə AES-in istehsal gücü adi 2000 meqavatdan cəmi 480 meqavata qədər azalıb. İstehsalın kəskin düşməsi səbəbindən Macarıstanın enerji sisteminin operatoru MAVIR fövqəladə hallar üçün nəzərdə tutulmuş xüsusi fəaliyyət protokolunu işə salıb.

Peter Macarı daha əvvəl stansiyanın tam dayanmasının bazar ertəsi baş verə biləcəyini bildirsə də, Dunayda suyun səviyyəsinin gözləniləndən daha sürətlə azalması səbəbindən bunun daha tez baş verə biləcəyini deyib.

Enerji sistemində sabitliyi qorumaq üçün hökumət ehtiyat elektrik stansiyalarını işə salmağa hazırlaşır. Bundan əlavə, bazar günündən etibarən təmirdən çıxacaq Dunay İstilik Elektrik Stansiyasının 400 meqavat gücündə olan bloklarından biri yenidən istismara veriləcək. Böyük sənaye müəssisələri də könüllü olaraq elektrik enerjisi istehlakını təxminən 240 meqavat azaldıblar. Lakin bu tədbirlərin kifayət etməyəcəyi istisna olunmur.

Hökumət enerji istehlakının məhdudlaşdırılması qaydalarını da dəyişib. İlk növbədə iri müəssisələrdən enerji sərfiyyatını azaltmaq tələb olunacaq. Bu kifayət etməzsə, MAVIR sənaye müəssisələri üçün məcburi məhdudiyyətlər tətbiq edə, hətta bəzi şirkətləri elektrik şəbəkəsindən ayıra biləcək. Əhali üçün məhdudiyyətlərin tətbiqi isə yalnız son variant kimi nəzərdə tutulur.

Bundan başqa, hökumət əlavə tədbirlər də açıqlayıb. Belə ki, bazar ertəsindən etibarən saat 17:00–22:00 aralığında yük qatarlarının hərəkəti dayandırılacaq, gələn həftənin ilk üç günü dövlət qulluqçuları məsafədən işləyəcək, özəl şirkətlərə ofislərdən istifadənin azaldılması tövsiyə olunacaq, dövlət binalarının dekorativ işıqlandırılması söndürüləcək, həmçinin idman obyektlərinin suvarılması və hovuzların doldurulması da daxil olmaqla, zəruri olmayan su istifadəsinə məhdudiyyətlər qoyulacaq.

Baş nazir əlavə edib ki, ən çox zərər görən bölgələrdə su istehlakı ilə bağlı ən yüksək – üçüncü səviyyəli məhdudiyyətlər tətbiq ediləcək.

Peter Macarı yaranmış vəziyyətə görə məsuliyyəti əvvəlki hökumətin üzərinə qoyaraq bildirib ki, hələ 2018-ci ildən "Paks" AES-in soyutma sistemi üçün su səviyyəsinin azalması riski məlum olsa da, modernizasiya tədbirləri vaxtında həyata keçirilməyib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR