Sançes Aİ ölkələrini təcili iclasa çağırıb

İspaniyanın Baş naziri Pedro Sançes Seuta şəhərində yaşanan miqrasiya böhranı ilə əlaqədar Avropa İttifaqına təcili müraciət edib.
Sfera.az xəbər verir ki, Pedro Sançes Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Aİ Şurasının rəhbəri Antonio Koştaya ünvanladığı məktubda Avropa İttifaqına üzv ölkələrin daxili işlər nazirlərinin iştirakı ilə təcili videokonfransın keçirilməsini istəyib.
Baş nazir bildirib ki, belə bir görüş miqrasiya böhranlarına qarşı vahid Avropa mövqeyinin formalaşdırılmasına imkan verəcək. Onun sözlərinə görə, Aİ-nin xarici sərhədlərinin qorunması yalnız ön cəbhədə yerləşən ölkələrin deyil, bütün üzv dövlətlərin ortaq məsuliyyətidir.
Sançes qeyd edib ki, İspaniya hadisələrdən sonra 48 saatdan az müddətdə Seutada sərhəd nəzarətini bərpa edib, humanitar yardım göstərib və qanunsuz yollarla sərhədi keçən şəxslərin demək olar ki, hamısını geri qaytarıb.
Baş nazir məktubunda bəzi Aİ ölkələrinin İspaniyanın Şengen zonasından müvəqqəti çıxarılması ilə bağlı səsləndirdiyi çağırışlara da münasibət bildirib. O vurğulayıb ki, bu cür yanaşmalar "qərəzlilik, yalan şayiələr, cəhalət və ya siyasi maraqlardan" qaynaqlanır. Bununla belə, Sançes hansı ölkələri nəzərdə tutduğunu açıqlamayıb.
Qeyd edək ki, Seutada baş verən son miqrasiya böhranı Avropada son illərin ən ağır humanitar hadisələrindən biri kimi qiymətləndirilir. Hadisələrdən sonra Aİ-də miqrasiya siyasəti, sərhədlərin mühafizəsi və üzv dövlətlərin məsuliyyət bölgüsü ilə bağlı müzakirələr daha da intensivləşib.
Firuzə Əliyeva
Sfera.az






