İspaniyanın Seuta şəhərində miqrant faciəsi: Ölənlərin sayı 67-yə çatdı

İspaniyanın Mərakeşlə sərhəddə yerləşən Seuta anklavında son illərin ən böyük miqrasiya böhranı davam edir. Hadisələr nəticəsində həyatını itirənlərin sayı 67-yə yüksəlib.
Sfera.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, ölənlər arasında İspaniya ərazisinə keçməyə çalışarkən boğulanlar, həmçinin dalğaqıran yaxınlığında yaranan izdiham və basabas zamanı həyatını itirən şəxslər var.
Cümə axşamından cümə gününə keçən müddətdə təxminən 60 min miqrantın Seutaya daxil olmasından sonra İspaniya hakimiyyəti sərhəd təhlükəsizliyini gücləndirmək üçün tədbirləri artırıb. Bu məqsədlə dənizə uzanan dalğaqıran boyunca 500 metrlik hasarın quraşdırılmasına başlanılıb. Rəsmilər hesab edirlər ki, bu maneə gələcəkdə dəniz yolu ilə qanunsuz keçidlərin qarşısını almağa kömək edəcək.
İspaniyanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, miqrantların böyük hissəsi artıq Mərakeşə geri qaytarılıb. Şənbə günü səhər saatlarında bir neçə nəfər üzərək şəhərin Taraxal çimərliyinə çatmağa müvəffəq olsa da, hərbçilər onları saxlayaraq yenidən sərhədin o tayına aparıblar.
Seuta hökumətinin rəhbəri Xuan Xesus Vivas bildirib ki, miqrantların geri qaytarılması prosesi uğurla davam edir. Bununla belə, onun sözlərinə görə, şəhər hələ də yaşanan böhranın təsirlərindən tam xilas ola bilməyib.
Buna baxmayaraq, bəzi miqrantlar Seutanı tərk etməkdən imtina edirlər. Onlardan biri, Mərakeşin 23 yaşlı vətəndaşı Məhəmməd Xatri bildirib ki, hakimiyyət mağazaları bağlayaraq onların ərzaq almaq imkanını məhdudlaşdırmağa və geri qayıtmağa məcbur etməyə çalışır. O isə "ac qalmalı olsa belə" Seutada qalmaq niyyətində olduğunu deyib.
Firuzə Əliyeva
Sfera.az






