Pakistanın 8 047 metrlik "Broad Peak" zirvəsində qar uçqunu: Xarici alpinistlər itkin düşüb, ölənlər var

Pakistanın 8 047 metrlik "Broad Peak" zirvəsində qar uçqunu: Xarici alpinistlər itkin düşüb, ölənlər var
Kateqoriya məlum deyil
T

Pakistanın şimalında yerləşən və dünyanın ən hündür zirvələrindən biri hesab olunan "Broad Peak" dağında baş verən qar uçqunundan sonra xilasetmə əməliyyatları ikinci gündür davam edir.

Sfera.az xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

Məlumata görə, itkin düşən yeddi nəfər arasında dünyanın 8 min metrdən hündür olan bütün 14 zirvəsini fəth etmiş məşhur nepallı alpinist Nirmal Purja da var.

Qar uçqunu cümə axşamı Pakistan–Çin sərhədində, Qarakorum dağ silsiləsində yerləşən, hündürlüyü 8 047 metr olan Broad Peak zirvəsində baş verib. Beynəlxalq ekspedisiyanın tərkibində ümumilikdə 10 nəfər olub.

Pakistan hakimiyyətinin məlumatına görə, artıq üç alpinistin cəsədi tapılıb. Onların ABŞ vətəndaşı Mallory Guise, Oman vətəndaşı Nadhira Ahmed Abdullah Al-Harthi və nepallı alpinist Pur Bahadur Gurung olduğu bildirilib.

Axtarış-xilasetmə işlərinə pakistanlı alpinistlərlə yanaşı, Nepaldan gəlmiş ekspedisiya üzvləri də qoşulublar. Onlar qonşu K2 zirvəsinə planlaşdırılan qalxışı müvəqqəti dayandıraraq əməliyyatlara dəstək verirlər. Lakin əlverişsiz hava şəraiti xilasetmə işlərini xeyli çətinləşdirir.

Pakistan Alpinizm Klubunun nümayəndələri bildiriblər ki, pilotsuz uçuş aparatları vasitəsilə bir neçə alpinistin yeri müəyyən edilsə də, onların vəziyyəti barədə hələ dəqiq məlumat yoxdur. Bundan əlavə, xilasedicilər yeni qar uçqunlarının baş verə biləcəyindən ehtiyat edirlər.

Hərbi helikopterlər zərərçəkənlərin təxliyəsi üçün hazır vəziyyətə gətirilsə də, onların havaya qalxması hava şəraitindən asılıdır.

Ekspedisiyaya rəhbərlik edən Nirmal Purja müasir dövrün ən tanınmış alpinistlərindən biridir. O, 2019-cu ildə 8 min metrdən hündür olan bütün 14 zirvəni cəmi 6 ay 6 gün ərzində fəth edərək dünya rekordu müəyyənləşdirib.

Peşəkar alpinizmə başlamazdan əvvəl Purja Britaniya ordusunda, daha sonra isə Böyük Britaniyanın Kral Dəniz Piyadalarının xüsusi təyinatlı bölməsində xidmət edib. İlk böyük zirvə yürüşünü isə 2012-ci ildə Nepalda yerləşən Lobuche East zirvəsinə edərək həyata keçirib.

Ekspedisiyanın iştirakçıları arasında həmçinin Kili Pemba Şerpa da var. O, Everest zirvəsinə 15 dəfə qalxıb və 2021-ci ildə K2 dağının tarixi qış fəthində iştirak edib.

"Broad Peak" alpinistlər üçün dünyanın ən çətin zirvələrindən biri hesab olunur. Zirvəyə ilk uğurlu qalxış 1957-ci ildə Avstriya ekspedisiyası tərəfindən həyata keçirilib. Həmin vaxtdan bəri yüzlərlə alpinist zirvəni fəth etsə də, onlarla insan bu cəhdlər zamanı həyatını itirib. Dağın ən faciəli hadisələrindən biri isə 2013-cü ildə baş verib. Həmin vaxt "Broad Peak"də azı 6 alpinist həlak olmuşdu.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR