İnsanlar atları düşündüyümüzdən daha erkən əhliləşdirib - ARAŞDIRMA

Atların insanlar tərəfindən əhliləşdirilməsi əvvəllər hesab ediləndən daha erkən başlayıb. Yeni araşdırma göstərir ki, atlardan məqsədyönlü istifadə hələ e.ə. 4000-ci illərdə başlayıb, tam əhliləşdirmə prosesi isə təxminən e.ə. 2000-ci ildə başa çatıb.
Sfera.az xəbər verir ki, bu barədə Science.org saytında dərc olunan məqalədə bildirilib.
Helsinki Universitetinin alimlərinin apardıqları tədqiqat göstərir ki, atların əhliləşdirilməsi qısa müddətdə baş verməyib. Bu proses nəsillər boyu davam edib və Avrasiyanın geniş ərazilərini əhatə edib.
Tarix boyu atlar müharibələrdə, köçlərdə və ticarətdə mühüm rol oynayıb. Onlar hunlar, avarlar, macarlar və monqollar kimi köçəri xalqlara böyük məsafələri sürətlə qət etməyə imkan verib. Atlardan ordularda isə hətta XX əsrə qədər geniş istifadə olunub.
"Planet Today"in məlumatına görə, Amerikada konkistadorların gəlişindən sonra atlar qitədə də sürətlə yayılıb və avtomobillər meydana çıxana qədər əsas nəqliyyat vasitələrindən biri olub.
Araşdırmada qeyd edilir ki, təxminən e.ə. 3500–3000-ci illərdə Avrasiya çöllərində yaşayan köçəri tayfalar yeni ərazilərə yayılarkən təkəri də özləri ilə aparıblar. İlk vaxtlar arabaları öküzlər çəksə də, sonralar onların yerini atlar tutub. At minmək insanların hərəkət sürətini kəskin artırıb – arabayla günlərlə davam edən yolu atlı cəmi bir neçə saata qət edə bilib.
Tədqiqatçılar hesab edirlər ki, bu yüksək hərəkətlilik hind-avropa dillərinin geniş ərazilərə yayılmasına da mühüm təsir göstərib. Bu dillər sonradan Avropa və Asiyanın böyük hissəsində formalaşan bir çox müasir dillərin əsasını təşkil edib.
Alimlərin sözlərinə görə, bu gün artıq əsl vəhşi atlar mövcud deyil. Hətta Prjevalski atı da vaxtilə əhliləşdirilmiş populyasiyaların nəslindən hesab olunur. Müasir dövrdə isə atlar daha çox idman, turizm və insanlarla ünsiyyət üçün saxlanılan heyvanlar kimi qiymətləndirilir.
Firuzə Əliyeva
Sfera.az






