Tramp İrana qarşı yeni hərbi əməliyyata göstəriş verib – WSJ

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi əməliyyatın başlanmasına göstəriş verib. Əməliyyatın yaxın günlərdə, hətta bu həftəsonu başlaması və bir neçə gün davam etməsi ehtimal edilir.
Sfera.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, müvafiq əməliyyat planı Merilend ştatındakı Kemp-Devid iqamətgahında keçirilən müşavirədə Trampa təqdim olunub və prezident plana ilkin razılıq verib.
Bununla belə, mənbələr bildiriblər ki, Tehranla aparılan danışıqlarda diplomatik irəliləyiş əldə olunacağı təqdirdə qərar yenidən nəzərdən keçirilə bilər.
"The Wall Street" Journal yazır ki, ABŞ administrasiyası hərbi təzyiqin artırılması ilə İranı güzəştlərə getməyə və danışıqlar masasına qayıtmağa məcbur etməyi hədəfləyir. Lakin amerikalı rəsmilər Trampın diplomatik təmasların nəticə verəcəyi halda qərarını dəyişə biləcəyini də istisna etmirlər.
Xatırladaq ki, Tramp cümə günü jurnalistlərə açıqlamasında İrana qarşı genişmiqyaslı zərbələrin bərpa ediləcəyini bildirmişdi. Onun sözlərinə görə, məqsəd İran hakimiyyətini yenidən danışıqlara məcbur etməkdir.
“Biz onlara çox güclü zərbələr endirəcəyik. Və elə bir məqam gələcək ki, onlar deyəcəklər: ‘Biz artıq buna dözə bilmirik’”, - ABŞ prezidenti bildirib.
Firuzə Əliyeva






