WP: ABŞ İranla genişmiqyaslı müharibə həddinə yaxınlaşıb

ABŞ İraq və İordaniyada hərbçilərinin həlak olmasından sonra İranla genişmiqyaslı müharibə həddinə yaxınlaşıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" (WP) ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Pentaqon Yaxın Şərqdə hərbi təyyarələrin sayını artırmağa başlayıb. Bununla yanaşı, mümkün hərbi əməliyyatların genişləndirilməsi ABŞ-ın hava hücumundan müdafiə vasitələri və uzaqmənzilli sursat ehtiyatlarının azalması, həmçinin döyüş itkiləri səbəbindən bölgəyə əlavə qoşun və aviasiya qüvvələrinin göndərilməsi imkanlarının məhdudlaşması ilə çətinləşə bilər.
Adı açıqlanmayan amerikalı rəsmi qəzetə bildirib ki, ABŞ-nin əməliyyatları təhlükəsiz şəkildə həyata keçirmək üçün kifayət qədər resursu yoxdur.
Qeyd edək ki, ABŞ və İran arasında növbəti gərginlik dalğası iyulun 8-də başlayıb. Vaşinqton İran ərazisinə bir neçə zərbə endirib, Tehran isə cavab olaraq Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omandakı ABŞ obyektlərini hədəfə almağa başlayıb./teleqraf
