HƏMAS-ın daha bir komandiri öldürüldü

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında HƏMAS-ın Xan Yunis briqadasında fəaliyyət göstərən yüksək vəzifəli üzvlərdən birinin öldürüldüyünü açıqlayıb.
Sfera.az xəbər verir ki, İMQ-nin yaydığı məlumata görə, hava zərbəsi nəticəsində HƏMAS-ın bölük komandiri və Xan Yunis briqadasının təbliğat fəaliyyətinə cavabdeh olan Ənəs Mahmud Əhməd Həmdan zərərsizləşdirilib.
Bildirilib ki, Həmdan 7 oktyabr 2023-cü ildə İsrailə edilən hücumdan sonra girov götürülən israillilərin Qəzza zolağında saxlanılmasında və onların müxtəlif məntəqələrə köçürülməsində iştirak edib. İddialara görə, o, girovların azad olunması ilə bağlı razılaşmalar çərçivəsində həyata keçirilən proseslərdə də rol oynayıb.
İsrail ordusu Həmdanın uzun illər HƏMAS rəhbərliyinin təhlükəsizliyinin təmin edilməsində mühüm vəzifə daşıdığını, həmçinin təşkilatın hərbi qanadının keçmiş rəhbəri Məhəmməd əl-Deyfin yaxın köməkçilərindən biri olduğunu bildirib.
Açıqlamada qeyd olunub ki, müharibə dövründə Həmdan HƏMAS-ın israilli girovları saxlamasında birbaşa iştirak edib, girovların azad olunması mərasimlərinin çəkilişini təşkil edib, eyni zamanda HƏMAS üzvlərinə təlim keçərək İsrail hərbçilərinə və mülki əhaliyə qarşı hücumların planlaşdırılmasında iştirak edib.
İMQ-nin məlumatına əsasən, Həmdan İsrail qüvvələri üçün ciddi təhlükə hesab olunurdu və dəqiq hava zərbəsi nəticəsində öldürülüb.
Qeyd edək ki, HƏMAS tərəfi İsrailin Ənəs Mahmud Əhməd Həmdanın öldürülməsi ilə bağlı iddialarını hələlik rəsmi şəkildə təsdiqləməyib.
Bəsti Rəfizadə
