Ankaranın "F-35" gedişi: Türkiyə mühüm layihəyə qayıdır?

Türkiyənin "Hürriyet" qəzeti hökumətdəki mənbələrə istinadən xəbər verib ki, Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksləri Fars körfəzi bölgəsində yerləşən ölkələrdən birinə satıb.
Məlumata əsasən, “S-400” sistemlərinin potensial alıcısı kimi Birləşmiş Ərəb Əmirlikləri və ya Qətərin adı çəkilsə də, qəzet rəsmi açıqlamanı gözləməyi tövsiyə edib.
Türkiyə hakimiyyəti hələlik bu məlumatı şərh etməyib.
İddialara görə, “S-400”dən imtinada məqsəd Ankaranın ABŞ-nin CAATSA sanksiyalarından çıxmaq və “F-35” qırıcılarının istehsalı proqramına qayıtmaqdır. Nəşrin məlumatına görə, “S-400”lərin üçüncü ölkəyə satışı da bu prosesin bir hissəsi kimi nəzərdən keçirilir.
Bəs Türkiyənin “S-400”lərdən imtinası “F-35” layihəsinə qayıtmasına imkan yaradacaqmı?
Məsələ ilə bağlı politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlama verib.
O bildirib ki, “S-400”lərin alınması ilə ABŞ və Türkiyə arasında münasibətlər pozuldu:

“Türkiyə “F-35” qırıcı təyyarələrinin 1000-dən çox hissəsini istehsal edirdi. Bu da təbii olaraq Türkiyəyə kifayət qədər gəlir gətirir, yeni iş yerləri yaradırdı. Sonradan “S-400” kompleksinin alınması ilə münasibətlər pozuldu, Türkiyə “F-35” proqramından çıxarıldı və hərbi sənaye kompleksinin rəhbər şəxslərinə qarşı sanksiyalar tətbiq olundu. Ən əsası isə Türkiyə bir neçə “F-35”in pulunu artıq ödəmişdi, lakin həmin “F-35”lər Türkiyəyə verilmədi və ABŞ-nin hərbi bazalarından birinə göndərildi. Ankarada aparılan danışıqlardan sonra Türkiyə Prezidenti elan etdi ki, “F-35”lərin, yəni altı “F-35” qırıcı təyyarəsinin Türkiyəyə satılması ilə bağlı razılıq əldə olunub. Ancaq Tramp bu xəbəri təsdiqləmədi. Əksinə, təyyarədə jurnalistlərlə söhbəti zamanı bildirdi ki, hələ bu məsələ barədə düşünür və yekun qərar verməyib. Əsas maneə isə təbii ki, “S-400”lərin Türkiyədən çıxarılmasıdır”.
Politoloqun sözlərinə əsasən, bir neçə variant var və Türkiyə bu variantlar üzərində işləyir:
“Görünür, artıq qərar da verilib. Çünki “Hürriyyət” qəzeti hakimiyyətə yaxın nəşrdir və orada hakimiyyət əleyhinə, yaxud hakimiyyətin istəmədiyi xəbərlərin dərc olunması demək olar ki, mümkün deyil. “S-400”lərin Körfəz ölkələrindən birinə satılması ABŞ ilə Türkiyə arasında mövcud problemlərin aradan qaldırılmasına şərait yarada bilər. İlk növbədə söhbət “F-35”lərin Türkiyəyə satılmasından gedir. Türkiyə yenidən “F-35” proqramına qaytarılarmı? Bu, bir qədər çətin məsələdir. Burada müəyyən problemlər var və tamamilə mümkündür ki, Türkiyə “F-35”ləri ala bilsin, ancaq proqrama qayıda bilməsin. Çünki Türkiyədə istehsal olunan “F-35”lərin 1000-dən artıq hissəsinin istehsalı sonradan digər ölkələr arasında bölüşdürüldü. Yenidən həmin istehsalın Türkiyəyə qaytarılması isə, mənə elə gəlir ki, mümkün olmayacaq. Türkiyənin əsas hədəfi də məhz “F-35”lərin alınmasıdır. Ərdoğan da altı “F-35” qırıcı təyyarəsini almaq istədiklərini bildirib. Əgər Türkiyə yenidən “F-35” proqramına qayıda bilsə, bu, təbii ki, ölkə üçün böyük uğur olardı. Bu hadisələr bir daha göstərir ki, mühüm qərarlar verməzdən əvvəl onların nəticələrini diqqətlə götür-qoy etmək, hərtərəfli araşdırmaq və yalnız bundan sonra qərar vermək lazımdır ki, sonradan peşmançılıq yaşanmasın”.
Bəsti Rəfizadə

