Avropaya vizasız səfər edənlərin nəzərinə - Aİ qərarını təxirə saldı

Avropa İttifaqı vizasız səyahət edən şəxslər üçün tətbiq edilməsi planlaşdırılan ETIAS sisteminin işə düşmə müddətini növbəti ilə təxirə salıb.
Sfera.az xəbər verir ki, sözügedən qərar mövcud elektron sərhəd nəzarəti sistemində (EES) yaşanan texniki nasazlıqlar və gecikmələr fonunda qəbul edilib. Aİ-yə vizasız səyahət edən təxminən 1,4 milyard sərnişini əhatə edəcək bu sistemin, ABŞ-nin ESTA sisteminə bənzər bir mexanizmlə çalışması nəzərdə tutulur.
Yeni qaydalara əsasən, səyahətçilərin səfərdən öncə onlayn şəkildə təhlükəsizlik yoxlamasından keçməsi və 20 avro rüsum ödəməsi tələb olunurdu. Lakin EES-in tətbiqindəki problemlər, o cümlədən hava limanlarında və quru sərhədlərində yaranan uzun növbələr aviasiya sektoru nümayəndələrini ciddi narahat edib və "xaotik bir proses" xəbərdarlığına səbəb olub.
ETIAS sisteminin icrasına məsul olan Aİ qurumu "EU-Lisa", layihənin planlaşdırıldığı kimi cari ilin sonuna qədər işə düşməsinin artıq mümkün olmadığını etiraf edib. Qurumun rəhbərliyi sentyabr ayında yenidən toplanaraq yeni təqvim cədvəlini müzakirə etməyi planlaşdırır.
AO-nin Daxili İşlər Komissarı Magnus Brunner isə gecikmələrdə milli hökumətləri məsuliyyət daşımağa çağırıb. O, hava limanlarındakı infrastruktur çatışmazlıqlarının və kadr yetərsizliyinin bu duruma zəmin yaratdığını qeyd edib.
Qeyd edək ki, ilkin olaraq 2022-ci ildə tətbiqi planlaşdırılan, lakin texniki problemlər səbəbindən dəfələrlə təxirə salınan bu layihənin cari il ərzində qüvvəyə minməsi bir çox ekspertlər tərəfindən artıq "qeyri-real" qiymətləndirilib.
Bəsti Rəfizadə
