Bu ölkədə 65 ildir benzinlə işləyən avtomobillərə icazə verilmir

İsveçrənin Zermatt qəsəbəsi 1961-ci ildən etibarən benzinlə işləyən avtomobillərin girişini qadağan etməklə dünyanın ən sakit və ekoloji cəhətdən təmiz yaşayış məntəqələrindən birinə çevrilib.
Sfera.az xəbər verir ki, Matterhorn dağının ətəyində yerləşən Zermattda avtomobil hərəkəti ilə bağlı ciddi ekoloji qaydalar tətbiq olunur. Artıq 65 ildən çoxdur ki, qəsəbə ərazisində benzinlə işləyən nəqliyyat vasitələrinin istifadəsinə icazə verilmir.
Qəsəbədaxili nəqliyyat tamamilə elektrik enerjisi ilə işləyən kiçik taksilər, xidmət avtomobilləri, təcili yardım və polis maşınları vasitəsilə həyata keçirilir. Ziyarətçilər isə şəxsi avtomobillərini qəsəbədən kənarda saxlayaraq səyahətlərini qatar və ya elektrikli avtobuslarla davam etdirirlər.
Zermatt təkcə sakitliyi ilə deyil, həm də təbiəti və qış turizmi imkanları ilə məşhurdur. Theodul Glacier sayəsində burada yay aylarında da xizək sürmək mümkündür. Bölgədə 3 min metrdən yüksək müşahidə platformalarından 38 dağ zirvəsi və 14 buzlaqı eyni anda izləmək mümkündür.
Qəsəbənin ən məşhur turistik məkanları arasında buzlağın daxilində inşa edilən Glacier Palace və beş göl mənzərəsi təqdim edən 5-Seenweg yürüş marşrutu da yer alır.
İsveçrənin təmiz enerji istehsalı və Zermattda tətbiq olunan ekoloji nəqliyyat sistemi sayəsində qəsəbədə karbon emissiyası minimum səviyyədə saxlanılır. Səs-küydən uzaq, təmiz havası və təbiətlə harmoniyada qurulan həyatı ilə Zermatt bu gün davamlı yaşayış modelinin ən uğurlu nümunələrindən biri hesab olunur.
Mənsumə
