Açıq dənizdə 58-68 milyon barrel İran nefti alıcı gözləyir

Hazırda açıq dənizdə 58-68 milyon barrel İran neftinin olduğu və bu yüklərin 90 faizdən çoxunun hələ dəqiq təyinat məntəqəsinə malik olmadığı bildirilir.
Sfera.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi öz hesablamalarına və Vortexa analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-nin İran nefti ilə bağlı əməliyyatlara tətbiq etdiyi sanksiyaları 60 gün müddətinə dayandırmasından sonra Tehran neft üçün yeni alıcılar axtarışını sürətləndirib.
Agentlik qeyd edir ki, İran neftinin əsas hissəsi hazırda Fars körfəzi, Hind okeanı və Sinqapur yaxınlığındakı Malakka boğazı ətrafında yerləşən sularda tankerlərdə saxlanılır.
Xatırladaq ki, iyunun 22-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran nefti və neft məhsullarının istehsalı, tədarükü və satışına dair ümumi lisenziyanın verildiyini göstərən sənəd dərc etmişdi.
İyunun 30-da isə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf açıqlamışdı ki, ABŞ-nin dəniz blokadasını aradan qaldırmasından sonra ölkə 40 milyon barreldən çox İran neftini xarici bazarlara ixrac etməyə nail olub.
Firuzə Əliyeva
Sfera.az
