Ebolaya yoluxanların sayı artır: Bu ölkələr təhlükə altındadır

Afrikada ölümcül Ebola virusuna yoluxma hallarının sayı sürətlə artmaqda davam edir.
Sfera.az xəbər verir ki, Konqo Demokratik Respublikası (KDR) hökumətinin yaydığı rəsmi məlumatlara görə, ölkənin şərq hissəsində artıq 867 şübhəli yoluxma halı qeydə alınıb. Onlardan 204 nəfəri dünyasını dəyişib.
Afrika İttifaqının səhiyyə qurumları isə virusun coğrafiyasının genişlənə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bildirilir ki, hazırda qitənin 10 ölkəsi, o cümlədən Cənubi Sudan, Ruanda, Keniya, Tanzaniya, Efiopiya, Burundi, Anqola, Mərkəzi Afrika Respublikası (MAR) və Zambiya virusun yayılma təhlükəsi ilə üz-üzədir.
Builki epidemiya virusun kifayət qədər nadir növü olan və ilk dəfə 2007-ci ildə aşkarlanan "Bundibugyo" ştamı ilə bağlıdır. Hazırda virusun bu spesifik variantına qarşı rəsmi şəkildə təsdiqlənmiş hər hansı peyvənd və ya xüsusi müalicə metodu mövcud deyil. Bu ştam üzrə ölüm göstəricisi isə kifayət qədər yüksəkdir. Təxminən 30-50% civarındadır.
Mütəxəssislər koronavirusdan fərqli olaraq, Ebolanın hava-damcı yolu ilə asanlıqla yoluxmadığını diqqətə çatdırırlar. Virusdan qorunmaq nisbətən mümkün olsa da, yoluxma əsasən xəstə insanın qanı və ya digər bioloji mayeləri ilə birbaşa təmas zamanı baş verir. \\modern.az
