Kanada Yaxın Şərqdəki müttəfiqləri ilə hərbi yardım danışıqları aparır

Kanadanın Baş naziri Mark Karni jurnalistlərə bildirib ki, ölkə Yaxın Şərqdəki müttəfiqləri ilə hərbi yardımla bağlı danışıqlar aparır, lakin hələlik konkret sorğu almayıb.
Sfera.az “The Globe and Mail” qəzetinə istinadən xəbər verir ki, Karni deyib: “Hələ ki, Yaxın Şərq müttəfiqlərindən heç bir sorğu almamışıq. Mən və Kanada xarici işlər naziri Anita Anand hazırda bu məsələ ilə bağlı Körfəz liderləri ilə müzakirələr aparırıq”.
Baş nazir vurğulayıb ki, hərbi yardımla bağlı qərar Kanada ordusu tərəfindən deyil, Kanada hökuməti tərəfindən veriləcək. Cümə günü Kanada Müdafiə Qərargahının rəisi Cenni Karinya Avropa hərbi nümayəndələri ilə İranla münaqişədən təsirlənən Körfəz dövlətlərinə hərbi yardım variantlarını müzakirə edib. Karni əvvəllər Kanadanın hərbi əməliyyatlarda iştirak etməyəcəyini bildirsə də, müttəfiqlərinin xahişi ilə bunu etmək ehtimalını istisna etməyib. Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb.
Tehran və İranın digər böyük şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev bu hücumları Tehrandan gələn raket və nüvə təhdidlərinə istinad edərək haqlı çıxarıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki hədəflərə cavab hücumu həyata keçirib və genişmiqyaslı əməliyyat elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hədəflərinə də zərbələr endirilib. Hücumlar nəticəsində İranda Ali Rəhbər Əli Xamenei və digər yüksək vəzifəli şəxslər həyatını itirib.
Niyaz Hacıyev
Sfera.az
