Hataya düşən raket: NATO-nu hərəkətə gətirəcək?

Hataya düşən raket: NATO-nu hərəkətə gətirəcək?
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, dünən İran ərazisindən buraxıldığı bildirilən ballistik raket Türkiyə istiqamətində hərəkət edərkən NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Raket İraq və Suriya üzərindən keçərək Türkiyə hava məkanına yaxınlaşdığı zaman məhv edilib və onun qalıqları Hatay vilayətinin Dörtyol rayonuna düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, bu insident NATO üzvü olan Türkiyənin birbaşa olaraq regional münaqişənin təsir dairəsinə düşməsi ilə bağlı ciddi müzakirələrə səbəb olub.  


Hadisə regionda müharibənin daha da genişlənə biləcəyi ehtimalını gündəmə gətirib. Çünki Türkiyə NATO üzvüdür və alyansın nizamnaməsinə görə üzv dövlətə qarşı hücum kollektiv müdafiə mexanizmlərini işə sala bilər. 


Belə olduğu halda, İranın ABŞ müttəfiqlərinə, xüsusilə də Türkiyəyə raket atması NATO-nun bu ölkəyə qarşı ortaq hərbi əməliyyatına səbəb ola bilərmi?


Sfera.az-a bu haqda açıqlama verən politoloq Elçin Xalidbəyli İranın bu addımının çox yanlış olduğunu vurğulayıb.

 

Onun fikrincə, indi İrana müttəfiqlər daha çox lazımdır, xarici dəstəyə daha çox ehtiyac var, lakin belə addımlar faktiki olaraq İranı təkbaşına qalmaq məcburiyyətinə doğru yönəldir:


“Bununla belə, NATO-nun İranla savaşa qatılma ehtimalı o qədər də inandırıcı deyil. Birincisi, İranın zərbə endirdiyi ölkələrin mütləq əksəriyyəti NATO-ya daxil olmayan ölkələrdir. Raket atılan ölkələrdən biri Türkiyədir və rəsmi Tehran həmin raketin səhvən, yəni başqa istiqamətə yönəldilmiş raketin Türkiyə istiqamətinə düşdüyü barədə bəyanat verib. Bildirilib ki, raket əslində başqa istiqamətə atılıb, lakin Türkiyə istiqamətinə yönəlib. Hələlik Türkiyəyə hər hansı məqsədli zərbə endirilməsindən danışmaq yersizdir. Eyni zamanda digər NATO ölkələrinə qarşı da hər hansı bir müdaxilə mövcud deyil”.

 


E.Xalidbəyli ABŞ-nin İranla savaşı bəhanə edərək NATO-dan İrana qarşı müharibəyə qatılmağı tələb etmək kimi bir niyyətinin və hüququnun olmadığını bildirib:


“Çünki savaşı başladan tərəf İran deyil, ABŞ-dir. NATO-nun nizamnaməsinə görə, NATO-ya üzv olan ölkələr xarici hərbi müdaxiləyə məruz qaldığı təqdirdə NATO qarışa bilər. Yəni savaşa başlamış tərəf NATO üzvü olduğu halda, NATO-nun hərbi müdaxilə etmək məcburiyyəti yoxdur. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, NATO üzvü olan ölkələrin böyük əksəriyyəti Avropa ölkələridir. Avropa ölkələrinin də böyük əksəriyyəti ABŞ və İsrailin İrana qarşı hərbi müdaxiləsini dəstəkləmir. İspaniya bu barədə bəyanat verib, Böyük Britaniya isə bu savaşa qarışmaq niyyətində olmadığını bildirib. Eyni zamanda bəzi Avropa ölkələri hətta ABŞ və İsrailin İrana qarşı savaşa başladıqlarını tənqid ediblər. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen isə İran probleminin yeganə həll yolunun siyasi və diplomatik xarakter daşıdığını bəyan edib. Bununla da Avropa Birliyi İranla müharibə kampaniyasını dəstəkləmədiyini açıq şəkildə nümayiş etdirmiş olur”.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ