“Körfəz ölkələri müharibəyə qoşulmayacaq” – Politoloq

İran ABŞ-nin hərbi qüvvələrinə zərər vurmaq üçün Fars körfəzi sahillərində yerləşən bir neçə ərəb ölkəsinə raket və dron zərbələri endirib. Açıqlanan məlumatlara görə, İranın hücumuna məruz qalan ölkələr arasında Küveyt, Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanı var. Bu dövlətlərdən bəziləri verdikləri bəyanatlarda İranı cavab zərbələri ilə hədələyiblər.
Bəs İranın hücumlarına cavab olaraq Körfəz ölkələri də müharibəyə qoşulacaqmı?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Cavanşir Abbaslının sözlərinə görə, hər hansı ölkə ağır zərbələr alarsa, istər-istəməz sarsılır.
Politoloqun fikrincə, İran da məhz sarsıldığı üçün digər müsəlman ölkələrinə də hücumlar edib:

“İrana ikitərəfli hücumlar olduğu üçün ölkə nəzarəti itirib və digər dövlətlərə də zərbələr endirməyə başlayıb. Hesab edirəm ki, müharibə davam etdikcə bu tip raket və dron hücumlarının sayı daha da artacaq. Azərbaycan da çox ehtiyatlı olmalıdır. Çünki müharibə genişlənərsə, İran Azərbaycandakı ABŞ səfirliyinə də zərbə vura bilər. Bugünkü baxış bucağından yanaşdıqda savaşın qısamüddətli olacağını ehtimal etmək olar, lakin müharibənin uzanma riski də var. Hesab edirəm ki, müharibə nə qədər qısa çəksə, bir o qədər yaxşıdır. Yəqin ki, hazırkı konflikt 2025-ci ilin yayında baş verən 12 günlük müharibə ilə müqayisədə daha uzun olacaq”.
Politoloq İranın Körfəz ölkələrinə zərbə endirməsinin yanlış olduğunu da vurğulayıb:
“İranın müsəlman ölkələrinə raket zərbələri endirməsi qəbulolunmazdır. Lakin təəssüf ki, biz İran tərəfindən indiyədək müsəlman həmrəyliyini görməmişik. Ümumiyyətlə, İrana qarşı əməliyyatlara digər ölkələrin qoşulacağını düşünmürəm. Bu, İran kimi bir dövləti daha da möhkəmləndirər, xalqı isə birləşdirər. Ona görə də bu savaşa nəinki müsəlman ölkələrinin, ümumiyyətlə, digər kənar dövlətlərin də birbaşa qoşulacağını ehtimal etmirəm”.
Bəsti Rəfizadə
Sfera.az
