Üçüncü Dünya müharibəsi başlaya bilər - AÇIQLAMA

Yaxın Şərqdə baş verən müharibəyə qoşulan ölkələrin sayında artım olacağı gözlənilir. Münaqişə hazırda ABŞ, İsrail və İran arasında getsə də, tədricən İngiltərə, Fransa, eləcə də Küveyt, Qətər, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanının da prosesə qoşulacağı ehtimal olunur.
Bu gedişat Üçüncü Dünya müharibəsinin başlanğıcı ola bilərmi?

Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Tural İrfan bildirib ki, yalnız Çin və Rusiya aktiv şəkildə müharibəyə qoşularsa, dünya müharibəsi baş verə bilər:
“Amma bu ehtimal azdır. Vaxtilə İraqla bağlı da eyni ssenari həyata keçirilərkən oxşar vəziyyət yaşanmışdı. Ancaq hər şeyə rəğmən, bu savaşın Ukrayna-Rusiya müharibəsi kimi uzanacağı ehtimalı azdır. ABŞ özü də bəyan edib ki, dörd həftəlik müdaxilə nəzərdə tutulub. Məqsədə nail olmaq və nəticəsi qaneedici olacaq danışıqlar masasına oturana qədər ABŞ və İsrail hücumlara davam etməkdə qərarlı görünür. Heç şübhə yoxdur ki, region üçün də bu savaş arzuedilən deyil. Eyni zamanda, İranda çoxmilyonlu soydaşlarımızın yaşadığını nəzərə alaraq, bu müharibənin onlar üçün də ağır nəticələr doğura biləcəyini düşünürük. Bu müharibə İranda hakimiyyətin dəyişməsinə gətirib çıxarmayacaq, lakin hakimiyyətdə olan şəxslər ABŞ və İsraillə danışıqlara razı olana qədər hərbi əməliyyatlar davam edəcək”.
Fidan Hacızadə
Sfera.az
