İki partiya arasında böhran - Şatdaun bitmir

İki partiya arasında böhran - Şatdaun bitmir
Kateqoriya məlum deyil
T

ABŞ-də artıq xeyli müddətdir şatdaun var. Prezidenti Donald Tramp respublikaçıları şatdauna dərhal son qoymağa çağırıb.

 

Əvvəllər də ABŞ-də şatdaunlar olub. Amma məlumatlara görə bu, ən uzunlarından biridir. 


Niyə respublikaçılar və demokratlar dil tapa bilmir? Bu vəziyyət ABŞ-də tərəflər arasında siyasi mövqeyin kəskinləşməsinin əlamətidir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ-də uzun müddətdir davam edən şatdaun ölkədə siyasi qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir. 

 

Onun sözlərinə görə, dövlət aparatının qismən fəaliyyətini dayandırması təkcə texniki və maliyyə məsələ deyil, həm də siyasi böhranın dərinliyindən xəbər verir:

 

"Prezident Donald Trampın respublikaçıları şatdauna dərhal son qoymağa çağırması, əslində, onun partiya daxilində də tam konsensusun olmadığını göstərir. Respublikaçılar və demokratlar arasında yaranmış fikir ayrılığı, büdcə və prioritetlərin bölüşdürülməsi məsələsindəki qarşılıqlı ittihamlarla daha da dərinləşib.

ABŞ-də şatdaunlar əvvəllər də baş verib, lakin hazırkı vəziyyət həm miqyasına, həm də davam müddətinə görə diqqət çəkir. Əvvəlki illərdə belə böhranlar əsasən qısa müddətdə razılaşma ilə nəticələnirdisə, indi tərəflər kompromisə getmək istəmir. Bu, həm də qarşıdan gələn seçkilər fonunda hər iki partiyanın öz elektoratına “geri çəkilməyən tərəf” kimi görünmək cəhdindən qaynaqlanır. Demokratlar sosial proqramlara, respublikaçılar isə xərclərin azaldılmasına üstünlük verir, nəticədə büdcə sənədinin təsdiqlənməsi dalana dirənib".

 

 

Politoloq qeyd edib ki, mövcud vəziyyət ABŞ siyasi sisteminin struktur problemlərini də üzə çıxarır:

 

"İki partiyalı sistem artıq konsensusun deyil, qarşılıqlı bloklanmanın mənbəyinə çevrilib. Şatdaun iqtisadiyyata, ictimai sektora və dövlət qulluqçularına birbaşa təsir göstərir, bu da seçicilərin hökumətə inamını sarsıdır. Beləliklə, şatdaun təkcə maliyyə böhranı deyil, həm də siyasi etimad böhranının təzahürüdür. ABŞ-də tərəflər arasında artan bu qarşıdurma göstərir ki, kompromis ənənəsi zəifləyib və siyasi proseslər getdikcə daha çox qütbləşmə üzərində qurulur".

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR