Rusların Avropaya gedişi çətinləşdirildi - Yeni QƏRAR

Avropa İttifaqı (Aİ) Rusiyadan olan vətəndaşlara qarşı viza qaydalarını daha da sərtləşdirib. Yeni qərara əsasən, rusiyalıların çoxgirişli viza alma hüququ ləğv edilir. Artıq onlar Aİ ölkələrinə hər səfər üçün viza müraciətini yenidən sıfırdan etməli olacaqlar.
Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, Aİ Komissiyasından verilən açıqlamada qeyd olunub ki, bu qərar Rusiyanın “miqrasiyanı siyasi vasitə kimi istifadə etməsi, diversiya fəaliyyəti və vizadan sui-istifadə halları” ilə əlaqədardır.
Komissiyanın sədr müavini Henna Virkkunen bildirib ki, Rusiyanın Ukraynaya qarşı qanunsuz hücumu, eləcə də Avropa ölkələrində artan diversiya, dezinformasiya və pilotsuz uçuş aparatları ilə bağlı pozuntular Avropa təhlükəsizliyi üçün ciddi təhdid yaradır:
“Viza qaydalarını daha da sərtləşdirməklə Aİ vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün vacib addım atırıq”.
Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas da məsələyə münasibət bildirib:
“Rusiyanın Ukraynaya hücumu Avropada son onilliklərin ən təhlükəli təhlükəsizlik mühitini yaradıb. Hazırda biz ərazilərimizdə görünməmiş səviyyədə diversiya və dron hücumları ilə üz-üzəyik. Aİ-yə səyahət etmək bir hüquq deyil, imtiyazdır”.
Aİ-nin Daxili işlər və miqrasiya üzrə üzvü Maqnus Brunner isə vurğulayıb ki, bundan sonra rusiyalıların viza müraciətləri “təkmilləşdirilmiş yoxlama prosedurları və yüksək nəzarət səviyyəsi” altında qiymətləndiriləcək.
Bəsti Rəfizadə
Sfera.az






