Türkiyə Netanyahunun həbsinə order VERDİ

İstanbul Baş Prokurorluğu İsrailin Baş naziri Binyamin Netanyahunun həbsinə order verib.
Sfera.az xəbər verir ki, qərar həmçinin 37 İsrail rəsmisinə də şamil olunub. Onların arasında müdafiə naziri İsrael Katz, milli təhlükəsizlik naziri İtamar Ben Qvir, Baş Qərargah rəisi Herzi Halevi və bir sıra yüksək rütbəli hərbçilər var.
İstintaq materiallarında qeyd olunur ki, İsrail 7 oktyabr 2023-cü ildən bəri mülki obyektlərə, xəstəxanalara və infrastruktur obyektlərinə hücumlar həyata keçirib. Bu hücumlar nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla minlərlə mülki şəxs həlak olub.
Sənəddə 6 yaşlı Hind Rəcəbin güllələnməsi, Əl-Əhli Baptist Xəstəxanasına edilən hücum nəticəsində yüzlərlə insanın ölümü, Türkiyə-Fələstin Dostluq Xəstəxanasının bombalanması və humanitar yardımların qarşısının alınması kimi hadisələr də qeyd olunub.
Prokurorluq bu faktların beynəlxalq hüququn pozulması kimi qiymətləndirildiyini və məsul şəxslərin istintaqa cəlb olunması üçün hüquqi addımların atıldığını bildirib.






