"Bu, Rusiyanı narahat etdi" - Zaxarova

İsrailin Livanla sərhəddə atəşkəs razılaşmasını pozması ilə bağlı xəbərlərin sayının artması Rusiyanın narahatlığına səbəb olub.
Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə məlumat verib.
“Rusiya həm İsrail rəhbərliyi, həm də Livan hakimiyyət orqanları və siyasi qüvvələri ilə təmasdadır. Bu görüşlərdə sərhəddəki gərgin vəziyyət və digər məsələlər müzakirə olunur. Biz İsrailin 2024-cü ilin noyabrında qüvvəyə minmiş atəşkəs razılaşmalarını pozması ilə bağlı artan məlumatlardan ciddi narahatıq”,- Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskva bütün tərəfləri zorakılığın artmasına və yeni silahlı toqquşmalara səbəb ola biləcək addımlardan çəkinməyə çağırır. Diplomat vurğulayıb ki, Rusiya regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək Livan ətrafında və ümumilikdə Yaxın Şərqdə sabitliyin bərpası istiqamətində səylərini davam etdirəcək.
Zaxarova, həmçinin, Livan mediasında yayılan “Rusiya XİN-in guya İsrailin mümkün hücumu ilə bağlı Livanı xəbərdar etməsi” iddialarını şərh etməkdən imtina edib: “Bu məsələ ətrafında çoxlu spekulyasiyalar var və onları şərh etməyə ehtiyac görmürəm”,- deyə o əlavə edib.
Fidan Hacızadə
Sfera.az






